AZ

Ukrayna Ordusu Donetsk vilayətində iki kəndi azad edib

BAKI, 26 oktyabr. TELEQRAF

Son on gün ərzində Ukrayna qüvvələri Oçeretine rayonunun Kuçeriv Yar və Suxetske kəndləri üzərində nəzarəti bərpa ediblər.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, 21 avqustdan bəri bu istiqamətdə ümumilikdə doqquz yaşayış məntəqəsi azad edilib, daha doqquz ərazi isə düşmən qruplarından təmizlənib.

Baş Qərargahın açıqlamasında qeyd olunur ki, Rusiya ordusu say baxımından üstünlük təşkil edir və hücumlarını gücləndirir. Ukrayna qüvvələri isə müdafiə və əks-hücum əməliyyatlarını davam etdirir, düşmənə ciddi itkilər verir.

Rəsmi məlumata əsasən, 26 oktyabr tarixinə qədər Ukrayna ordusu Donetsk vilayətinin Pokrovsk rayonunda ümumilikdə 185,6 kvadrat kilometr ərazini azad edib, 243,8 kvadrat kilometr ərazini isə tam təmizləyib.

Hazırda Pokrovsk şəhəri və onun ətrafında döyüşlər gedir. Ukrayna hərbçiləri vəziyyəti sabitləşdirmək üçün tədbirlər görür. Şəhərdə atışmalar və dron əməliyyatları davam edir.

Seçilən
85
teleqraf.com

1Mənbələr