NATO-nun baş katibi Mark Rutte Rusiyanın Ukraynada gözlənilən irəliləyişi əldə etmədiyini bildirdi və Moskvaya təzyiqi artırmaq üçün "yaxşı vaxt" olduğunu deyib.
Bir neçə gün əvvəl Vaşinqtonda ABŞ prezidenti Donald Trampla görüşünün məhsuldar olduğunu vurğulayan Rutte bildirib ki, ABŞ-ın Rusiyanın ən böyük neft şirkətlərinə tətbiq etdiyi sanksiyalar onları gəlirdən məhrum edəcək və Putinə danışıqlar masasına gəlmək üçün təzyiqi əhəmiyyətli dərəcədə artıracaq: “Sanksiyalar bir daha göstərir ki, Prezident Tramp bu müharibəyə son qoymaq və Ukraynaya davamlı sülh gətirməkdə qətiyyətlidir."
Ruttenin sözlərinə görə, Putin Ukraynada döyüş meydanında az irəliləyiş əldə edir və yalnız cüzi qazanclar əldə edilir. Bu qazanclar isə Rusiyaya çox baha başa gəlir.
"Putinin pulu, əsgəri və ideyaları tükənir", - deyən Rutte əlavə edib ki, Rusiyaya təzyiqi artırmaq üçün indi ən doğru vaxtdır.
Müttəfiqlərin Ukraynaya verdiyi dəstəyin işə yaradığını vurğulayan Rutte deyib ki, bu dəstək sanksiyalar və iqtisadi təzyiqlə birləşdirilməlidir.
TAHİR