AZ

Qəzzaya sülhməramlı göndərəcək Türkiyə və İndoneziyanın ABŞ-dan tələbi - İsraili yolumuzdan çəkin...


Qəzza zolağında beynəlxalq sülhməramlı qüvvələrdə iştirakı gündəmdə olan Türkiyənin ABŞ-dan İsraillə birbaşa münaqişəyə girməmək üçün zəmanət istədiyi bildirilir.

Livanın "Əl-Əxbar" qəzeti və Səudiyyə Ərəbistanı media orqanları iddia edir ki, Türkiyə və İndoneziya Qəzza zolağında planlaşdırılan beynəlxalq sülhməramlı qüvvələrdə iştirak etmək üçün İsraillə birbaşa münaqişənin olmayacağına dair zəmanət tələb ediblər.

Türkiyə və İndoneziya prinsipcə Qəzzada sülhməramlı missiyada iştirak etməyə hazır olduqlarını bildiriblər. Lakin hər iki ölkə İsraillə birbaşa münaqişəni önləyəcək və yalnız sülhməramlı statusu zəmanət altına alacaq təminat istəyiblər.

Bildirilir ki, İsrail bu tələbə tərəddüdlə yanaşır. Təl-Əviv administrasiyası təhlükəsizlik nəzarətindən yayınmaq üçün itkin düşmüş şəxslərin və cəsədlərin qaytarılması prosesinin tamamlanması şərtini irəli sürür.

Qeyd edilir ki, ABŞ Fələstin müqavimət qüvvələrinin tərksilah edilməsini tələb edir, lakin bu proses üçün bir təqvim açıqlamaqda tərəddüd edir. ABŞ siyasi çevikliyi qorumağı və HƏMAS-la birbaşa münaqişədən qaçmağı hədəfləyir. Buna görə də Vaşinqton tədricən irəliləyiş modelinin tərəfdarıdır.

Məlumata görə, Misir hökuməti də Qəzzada baş verən hadisələrə ehtiyatlı yanaşır. Qahirə HƏMAS-ın infrastrukturunun dağıdılmasına və ya İsrail yanında döyüşəcək beynəlxalq qüvvələrin bir hissəsi olmağa isti yanaşmır.

“Əl-Əxbar” yazır ki, Misir sülhməramlı qüvvələrdə iştirak üçün üç şərt - açıq beynəlxalq konsensus, müəyyən edilmiş və məhdud mandat, İsrail ordusunun bu qüvvələrlə hərəkət etməməsini irəli sürüb.

Səudiyyə Ərəbistan isə plan çərçivəsində Fələstin Muxtariyyətinin gücləndirməsini və HƏMAS-ı tədricən neytrallaşdırmasının tərəfdarıdır. Ər-Riyad 1967-ci il sərhədləri daxilində paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin yaradılmasını uzunmüddətli həll üçün əsas kimi görür. Həmçinin Qəzzada BMT-nin nəzarəti altında beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsini və keçid administrasiyası ilə Fələstin Muxtariyyəti arasında əməkdaşlığı tövsiyə edir.

TAHİR

Seçilən
52
baki-xeber.com

1Mənbələr