AZ

Rusiyada həbsdən buraxılan azərbaycanlı iş adamı: “Uzun illər…”

Xəbər verdiyimiz kimi, Rusiyanın Voronej şəhərində həbs olunan azərbaycanlı iş adamı, “Alekseyeviski” bazarının sahibi Yusif Xəlilov azadlığa buraxılıb və Azərbaycana gəlib.

KONKRET.az-ın məlumatına görə, ailəsi ilə birlikdə Bakıya qayıdan Xəlilov APA-ya açıqlamasında dövlətimizə təşəkkür edib:

“Bu, ailəmiz üçün çox sevincli gündür. Həbsdən azad olunmağımda Azərbaycan dövlətinin göstərdiyi dəstəyi hər an hiss etdim və bunun üçün dərin təşəkkürümü bildirirəm. Eyni zamanda, Rusiya dövlətinə də minnətdarlığımı bildirirəm. Orada doğulmuşam, təhsilimi orada almışam və uzun illər orada yaşamışıq. Rusiya dövlətinin dəstəyilə işləmək və təhsil almaq imkanımız oldu”.

Xatırladaq ki, Yusif Xəlilov Rusiyanın Voronej şəhərində bu ilin avqustunda həbs edilib.

Ekspertlər qeyd edirlər ki, onun həbsinin arxasında hüquqi səbəblərlə yanaşı, siyasi amillər də dayanıb. Y.Xəlilovun azadlığı çıxması bir daha göstərir ki, xaricdə yaşayan azərbaycanlıların hüquqlarının qorunması yalnız qanuni addımlarla deyil, diplomatik səylərlə də təmin edilə bilər.

Bildirilir ki, diplomatik səylər çərçivəsində oktyabrın 9-da Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev arasında keçirilən görüşlər zamanı bir sıra həssas məsələlər, o cümlədən Voronej hadisəsi və Azərbaycan diasporunun vəziyyəti müzakirə olunub. Həmin görüşlərdən sonra vəziyyət normallaşmağa başlayıb və xaricdə yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsində irəliləyiş əldə edilib.

Hazırkı hadisələr göstərir ki, xaricdə yaşayan azərbaycanlıların hüquqlarının qorunması dövlət siyasətində vacib yer tutur və bu istiqamətdə addımlar atılmağa davam edir. Bu proses eyni zamanda prezidentin xaricdə yaşayan soydaşlarının hüquqlarının qorunmasına verdiyi önəmi əks etdirir.

Seçilən
23
konkret.az

1Mənbələr