Baş nazir Robert Fitso: Münaqişənin döyüş meydanında həlli mümkün deyil..
Poliqon xəbər verir ki, Slovakiyanın baş naziri Robert Fitso ölkəsinin Avropa İttifaqının Ukraynaya hərbi yardım proqramında iştirak etməyəcəyini bəyan edib. Reuters agentliyinin məlumatına görə, Fitso bu qərarı Brüsselin Ukraynaya hərbi və maliyyə dəstəyi siyasətinə qarşı çıxış kimi şərh edib.
Baş nazirin sözlərinə görə, müharibənin davam etdirilməsi nə Ukrayna, nə də Avropa üçün çıxış yolu deyil.
“Bu münaqişənin döyüş meydanında həll olunacağına inanmıram. Slovakiyanın hər hansı maliyyə mexanizminin bir hissəsi olmasına, hansı ki, Ukraynaya müharibəni davam etdirmək və hərbi xərcləri maliyyələşdirmək üçün yaradılıb, icazə verməyəcəyəm”, deyə Fitso bildirib.
Onun mövqeyi Aİ-nin əksər üzv dövlətlərinin xəttindən fərqlənir. Avropa ölkələrinin çoxu Kiyevə silah və maliyyə yardımı göstərməkdə davam edir. Fitso isə münaqişənin diplomatik danışıqlar yolu ilə sona çatdırılmasının vacibliyini vurğulayır və Slovakiyanın neytral mövqeyini qoruyacağını bildirir.
Ekspertlər hesab edir ki, Bratislavanın bu qərarı Aİ daxilində Ukrayna siyasətinə dair birliyin zəifləməsinin növbəti göstəricisidir.
Poliqon.info