Kiçiktutumlu yük maşınının sahibinin ünvanına göndərilən cərimə protokolunda nəqliyyat vasitəsi TIR kimi qeyd olunub.
Xezerxeber.az-ın məlumatına görə, radara düşən sürücüyə 200 manat cərimə gəlib, lakin o iddia edir ki, tətbiq edilən cərimə əsassızdır.
Paytaxtın Xəzər rayonu, Binə qəsəbə sakini Nemət Ağababayev deyir ki, oktyabrın 16-da Kürdəmirdən Bakıya gələrkən magistral yolda radara düşüb. Radar qeydlərinə əsasən, o, saatda 116 kilometr sürətlə hərəkət edib. Sürücü deyir ki, idarə etdiyi avtomobil yük daşıyan “Sprinter” tipli nəqliyyat vasitəsi olsa da, sənədlərdə TIR kimi qiymətləndirilib.
Sürücü qayda pozuntusunu etiraf etdiyini, lakin cərimənin məbləği ilə razı olmadığını bildirir.
Vətəndaşın müraciəti ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə müraciət etdik. Qurumdan "Xəzər Xəbər"ə bildirildi ki, sürücünün iddiaları araşdırılacaq. Araşdırmalardan sonra məsələyə hüquqi qiymət veriləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.