"Football-plus.az" xəbər verir ki Fatih Təkkənin kollektivi səssiz-sədasız şəkildə qələbələri sıralayır. Bu tur ''Eyüpspor''u yenən trabzonluların qələbə seriyası 4 oyuna yüksəldi. Superliqada komandanın sonuncu dəfə belə seriyası çempionluqla nəticələnən 2021/22-nin ikinci dövrəsində olmuşdu. Hazırda ikinci pillədə qərarlaşan qaradənizliləri növbəti tur ''Qalatasaray'' səfəri gözləyir.
Bu arada bu yay Trabzona gələn Andre Onana Türkiyə mətbuatına açıqlamalar verib. Tanınmış kamerunlu qapıçı 2023-cü ildə ''Mançester Yunayted''in heyətində ''Qalatasaray''a qarşı keçirdiyi hər iki oyunda 3 top buraxmışdı. Onana bunları deyib:
''Komandamız kifayət qədər yaxşı formadadı. Nəticələr də bunu göstərir. Önəmli və yaxşı rəqiblərə qarşı uğurlu nəticələr qazanırıq. Artıq bütün diqqətimizi növbəti oyuna yönəltmişik. Fikrimcə, həmin oyun həm bizim, həm də rəqibimiz üçün final xarakteri daşıyacaq. Premyer-liqa ilə burdakı çempionat arasında bir çox fərqlərin olduğunu söyləyə bilərəm. Amma futbol 11 11-ə oynanılan bir oyundu. Hər komandanın hər rəqibi məğlub etmək şansı var. Bunun ən gözəl nümunəsini ''Liverpul''u məğlub edən ''Qalatasaray'' nümayiş etdirdi. Dediyim kimi müasir futbolda hər komandanın qələbə qazanmaq ehtimalı var".
                        
                     
                        