“Barselona”nın futbolçusu Frenki De Yonq görüşün sonunda Lamin Yamal ilə Danı Karvaxal arasında yaşanan insidenti tənqid edib.

Offsideplus.az xəbər verir ki, Madridin “Santiaqo Bernabeu” stadionunda keçirilən oyunda “Real Madrid” “Barselona”nı 2:1 hesabı ilə məğlub edərək La Liqada liderliyini katalonlardan 5 xal fərqlə artırıb.

Matçın son dəqiqələrində meydanda futbolçular arasında mübahisə yaşanıb.

Gərginliyə səbəb Dani Karvaxalın oyunun əvvəlindən azarkeşlərin fitlə səslədiyi Lamin Yamalın yanına gələrək əl hərəkətləri ilə onu provokasiya etməsi olub.

Frenki De Yonq bundan narazı olduğunu bildirib: “Əgər Karvaxal Laminə nəsə demək istəyirdisə, bunu fərdi şəkildə edə bilərdi. Onlar İspaniya millisində də komanda yoldaşıdırlar. Meydanda bu cür şouya ehtiyac yox idi.”

Xatırladaq ki, Yamal oyundan öncə “Kings Liqa” yayımında dediyi sözlərə görə “Real” azarkeşlərinin hədəfinə çevrilmişdi.

De Yonq isə həmin sözlərin kontekstdən çıxarıldığını deyib: “Lamin birbaşa ‘hakimlər kömək edir’ demədi. Sadəcə söhbət zamanı deyilib-keçildi. Madridlilərin reaksiyası çox şişirdilmişdi.”


“Barselona”nın köməkçi məşqçisi Markus Sorg isə Yamalın bu gərgin atmosferlə mübarizə aparmağa yeni alışdığını və yaxınlarda zədədən qayıtdığını bildirib: “O cəmi 18 yaşındadır, vaxt lazımdır. Biz ona dəstək olacağıq.”


“Real Madrid”in baş məşqçisi Xabi Alonso isə qarşıdurmanı “oyunun emosiyası” kimi qiymətləndirib: “Belə anlar həmişə olub. Əsas odur ki, hörmət çərçivəsi qorunsun.”

Xatırladaq ki, matçın qollarını “Real Madrid”dən Kilian Mbappe və Cud Bellinqem, “Barselona”dan isə Fermin Lopes vurub.