Albaniya Baş naziri Edi Rama, ölkənin süni intellekt dəstəkli naziri haqqında maraqlı açıqlama verib.
Sherg.az xəbər verir ki, Ramanın sözlərinə görə, “Diella” adlı süni intellekt əsaslı İctimai Tenderlərə cavabdeh nazir, yaxın zamanda “83 uşaq” dünyaya gətirəcək - yəni hər bir deputat üçün bir süni intellekt köməkçisi yaradılacaq.
Rama bildirib:
“Diella hamilədir və 83 uşaq gözləyir; hər biri bir deputata məxsus olacaq. Bu uşaqlar analarının biliklərini daşıyacaq. Əgər bir deputat qəhvəyə gedib qayıtmağı unudarsa, həmin "uşaq" ona iclasda deyilənləri izah edəcək.”
Parlamentdə süni intellekt köməkçiləri
Bu süni intellekt əsaslı sistemlər parlament iclaslarında qeydlər aparacaq, müzakirələri xülasə edəcək və deputatlara təkliflər verəcək.
Əgər bir deputat iclasa qatıla bilməzsə, sistem onun yerinə iclası izləyəcək və qısa hesabat təqdim edəcək.
Fiziki olaraq mövcud olmayan ilk nazir
“Diella”, Albaniyada ictimai tenderlərin 100% şəffaf və korrupsiyasız həyata keçirilməsinə yardım etmək məqsədilə nazir kimi təqdim edilmişdi.
Albanca “günəş” mənasını verən Diella, yanvar ayından etibarən dövlətin “e-Albania” portalı vasitəsilə vətəndaşlara məsləhət xidməti göstərir.
O, vətəndaşlara xidmətlərin təxminən 95 faizinə rəqəmsal şəkildə çıxış imkanı yaradır, həmçinin bütün bürokratik prosedurlarda səsli əmrlər vasitəsilə istifadəçilərə kömək edir.