AZ

Rusiyadan Venesuelaya naməlum yüklə “İl-76TD” təyyarəsi eniş edib

Moskvanın hərbi-logistika fəaliyyəti regionda yeni suallar doğurub...

Rusiyaya məxsus “Aviakon Tsitotrans” aviaşirkətinin İl-76TD tipli yük təyyarəsi naməlum yüklə Venesuelaya eniş edib.

Poliqon xəbər verir ki, bu barədə məlumatı “Hərbi Məlumatçı” (“Военный Осведомитель”) adlı “Telegram” kanalı yayıb. Təyyarənin uçuş trayektoriyası FlightRadar24 platformasında da təsdiqlənib.

Məlumata görə, təyyarə 22 oktyabrda Rusiyadan havaya qalxıb, marşrut boyunca Ermənistan, Əlcəzair, Mərakeş, Seneqal və Mavritaniya ərazisində dayanış edərək Venesuelaya çatıb. Lakin daşınan yükün məzmunu barədə rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, “Aviakon Tsitotrans” 2023-cü ilin yanvarında ABŞ tərəfindən sanksiya siyahısına salınmışdı. Şirkət “qara siyahıya” Rusiya Müdafiə Sənayesi Kompleksinə məxsus müəssisələrə yük daşımalarına görə daxil edilmişdi.

Hadisə ABŞ və Venesuela arasında artan gərginlik fonunda baş verir. Qərb mediası, o cümlədən CNN, bir neçə gün əvvəl xəbər vermişdi ki, prezident Donald Tramp Venesuela ərazisinə hava zərbələri endirmək planlarını nəzərdən keçirir. Hədəf kimi kokain istehsalı ilə bağlı obyektlərin göstərildiyi bildirilir.

Mənbələrin sözlərinə görə, Pentaqon artıq Cənub Hərbi Komandanlığı zonasına aviadaşıyıcı zərbə qrupunun göndərilməsi barədə qərar qəbul edib. ABŞ hərbi rəhbərliyi bu addımı “narkotiklərlə mübarizə və regional təhlükəsizliyin təminatı” çərçivəsində əsaslandırır.

Ekspertlər hesab edirlər ki, Rusiya yük təyyarəsinin Venesuelaya səfəri Moskvanın regionda hərbi və texniki iştirakını genişləndirmək niyyətinin bir hissəsi ola bilər.

Poliqon.info

Seçilən
24
poliqon.info

1Mənbələr