10 min il əvvəl yerə düşən kosmik cisim Cənubi Çində nəhəng dağıntı törədib...
Çin alimləri təxminən 10 min il əvvəl yerə düşmüş asteroidin toqquşması nəticəsində yaranmış qədim krateri aşkar ediblər.
Poliqon xəbər verir ki, bu barədə məlumatı "South China Morning Post" qəzeti yayıb. Araşdırmalara görə, diametri təxminən 30 metr olan asteroidin zərbə gücü 600 min ton trotil ekvivalentinə bərabər olub. Bu, Xirosimaya atılmış atom bombasından 40 dəfə güclüdür.
Krater Quandun əyalətində, Çaotsin şəhəri yaxınlığında yerləşir və Çində rəsmi şəkildə təsdiqlənmiş beşinci, ölkənin cənub hissəsində isə ilk asteroid mənşəli krater hesab olunur. Alimlər bildiriblər ki, kraterin diametri təxminən 900 metrdir və o, bir təpə yamacında formalaşıb.
Geoloji qatların və mineralların analizi nəticəsində bu strukturun məhz asteroid zərbəsi nəticəsində əmələ gəldiyi təsdiqlənib. Həmçinin tədqiqatçılar toqquşmanın dəqiq yaşını və onun törətdiyi dağıntı miqyasını müəyyənləşdiriblər.
Elm adamlarının fikrincə, bu kəşf təkcə regionun geoloji tarixinin öyrənilməsi üçün deyil, həm də gələcəkdə Yerə düşə biləcək kosmik cisimlərin yaratdığı risklərin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Onlar hesab edirlər ki, qədim zərbə izlərinin tədqiqi potensial asteroid toqquşmalarının nəticələrini proqnozlaşdırmağa və Yer müdafiəsi strategiyalarını təkmilləşdirməyə kömək edir.
Mütəxəssislər əlavə ediblər ki, Quandun krateri göstərir: hətta nisbətən kiçik ölçülü asteroidlər belə, əgər onlar Yerə yüksək sürətlə və müəyyən bucaq altında düşürlərsə, böyük miqyaslı dağıntılara səbəb ola bilərlər. Bu səbəbdən alimlər planet üçün təhlükə yarada biləcək kosmik obyektlərin daimi müşahidəsinin vacibliyini vurğulayıblar.
Poliqon.info