AZ

Avstraliya aborigenləri aerodinamika və mühəndislik biliklərinə malik olublar

Yeni araşdırma qədim bumeranqın yüksək texniki səviyyədə hazırlandığını üzə çıxarıb...

Poliqon xəbər verir ki, Avstraliyada tapılmış qədim bumeranq üzərində aparılan tədqiqatlar ölkənin yerli xalqlarının aerodinamika və mühəndislik sahəsində dərin biliklərə malik olduğunu sübut edib. Tədqiqatın nəticələri Australian Archaeology jurnalında dərc olunub.

Alimlərin qənaətinə görə, bu artefakt aborigenlərin yalnız ovçuluqda deyil, həm də rituallar və mədəni mərasimlərdə yüksək texniki bacarıqlara əsaslanan alətlərdən istifadə etdiyini göstərir. “Vangim” adlanan bumeranq həm praktik, həm də simvolik məqsədlərlə işlədilib. Onların bəziləri havada qayıda bilən mürəkkəb forma və bucaq quruluşuna malik olub, digərləri isə sırf hədəfi vurmaq və ya mərasimlərdə istifadə üçün düzəldilib.

Tədqiqatçılar müəyyən ediblər ki, aborigenlər uçuş dinamikası, balans, forma, bucaq və çəki kimi faktorları nəzərə alaraq aerodinamik sabitliyi təmin edən dizayn prinsiplərindən istifadə ediblər. Bu isə sübut edir ki, Avropalı müstəmləkəçilər qitəyə çatmazdan çox əvvəl yerli xalqların fizika və mühəndislik biliyi minilliklər öncə yüksək səviyyədə olub. 

Bundan əlavə, bumeranqlar aborigen cəmiyyətlərində sosial və mədəni status göstəricisi kimi də mühüm rol oynayıb. Bəzi bumeranqlar mübadilə vasitəsi, bəziləri isə tayfa ərazilərinin sərhəd nişanı və ya liderlik simvolu kimi istifadə olunub.

Alimlər bildirirlər ki, bu tapıntı aborigenlərin texnoloji bacarıqlarının və mənəvi dünyasının mürəkkəbliyini göstərir, həmçinin Avstraliyanın qədim mədəni irsini yenidən dəyərləndirmək üçün mühüm elmi sübutdur.

Poliqon.info

Seçilən
60
poliqon.info

1Mənbələr