AZ

Yakovenko: “Burevestnik” raket sınaqları Rusiyaya qlobal texnoloji üstünlük qazandırır

Nüvə başlığı daşıya bilən “Burevestnik” qanadlı raketinin sınaqları mühüm geosiyasi əhəmiyyət daşıyır və bu proses Rusiyaya qlobal texnoloji yarışda üstünlük qazandırır.

Editor.az xəbər verir ki, bu fikirləri “Rossiya Seqodnya” Media Qrupunun baş direktorunun müavini, Rusiya Təhlükəsizlik Şurası Elmi Şurasının üzvü Aleksandr Yakovenko açıqlamasında bildirib.

Yakovenko qeyd edib ki, “Burevestnik” sınaqlarını Moskvanın kosmosun kəşfiyyatı və nüvə enerjisindən dinc məqsədlərlə istifadəsində əldə etdiyi tarixi nailiyyətlərlə müqayisə etmək olar:

“O dövrdə Sovet İttifaqı ABŞ-ı ötüb keçmişdi. Oxşar vəziyyət indi də müşahidə olunur — 1990-cı illərin çətinliklərini arxada qoyan müasir Rusiya yenidən texnoloji liderlik yolundadır”, – deyə o bildirib.

Yakovenkonun sözlərinə görə, məhdud resurslara və Qərbin sanksiyalarına baxmayaraq, Rusiya yeni texnoloji problemləri həll etməklə yanaşı, ikili təyinatlı texnologiyaları və müasir materialları da inkişaf etdirməyə nail olub.

O vurğulayıb ki, “Burevestnik” raketinin uğurlu sınağı Rusiyanın sənaye, elmi-texniki və intellektual potensialını bir daha nümayiş etdirərək, ölkəni yeni texnoloji nizamın formalaşmasında lider mövqeyinə çıxarır.

// Gülnarə Abasova, Editor.az

Seçilən
40
editor.az

1Mənbələr