AZ

Sexdə nasaz olan yük maşınının əyləcini çəkmədi, çarpayıda uzanan şəxsin üstündən keçdi - MƏHKƏMƏ

Şabran Rayon Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Rəhman Eyvazovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Könül Mirzəfərovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il müddətinə azadlıqdan məhrum edilib.


İttihama görə, hadisə Rəhman Eyvazov bu il etibarnamə əsasında idarə etdiyi “Mercedes-Benz Atego” markalı yük avtomobilində yaranmış texniki nasazlıq səbəbindən həmin nəqliyyat vasitəsini baxışdan keçirmək məqsədilə Şabran rayonunun Sincanboyad kəndi ərazisində, Bakı–Quba magistral yolunun sağ hissəsində yerləşən avtomobil təmir sexinə gətirib. Təqsirləndirilən şəxs avtomobili dayandırdıqdan sonra tələblərinə uyğun olaraq, nəqliyyat vasitəsinin öz-özünə hərəkət etməsinin qarşısını almaq üçün duracaq əyləc sisteminin dəstəyini çəkməli, ötürmələr qutusunu müvafiq ötürməyə qoşmalı və təkərlərdən ən azı birinin altına tıxac qoymalı olduğu halda, bu tələblərə əməl etməyib.


Həmçinin, həmin tələblərə zidd olaraq, duracaq əyləc sistemi nasaz vəziyyətdə olan avtomobili idarə edib, onu duracaq əyləcindən istifadə etmədən tərk edib.


Nəticədə, təqsirləndirilən şəxs tərəfindən idarə edilən yük avtomobili öz-özünə hərəkətə başlayaraq, sexin içərisində dəmir çarpayının üzərində əyləşmiş Şabran şəhər sakini, 1971-ci il təvəllüdlü, zərərçəkmiş Maqsud Baxışova (adı, soyadı şərtidir) dəyib.


Hadisə zamanı zərərçəkmiş şəxs aldığı xəsarətlərdən yaranan ağır travmatik şok nəticəsində orada ölüb.


Hadisədən sonra Rəhman Eyvazov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.


Kamal Məmmədov 

Tarix: 27 Oktyabr 2025, 08:59   
Seçilən
42
2
pravda.az

3Mənbələr