Şirvan Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Paşa Paşzadənin (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Habil Bəhmənovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
İttihama görə, hadisə 04 may 2025-ci il tarixdə, saat 17 radələrində Biləsuvar rayonu, Bəydili kəndində yerləşən “Əbil” marketin qarşısında qeydə alınıb.
Belə ki, Paşa Paşzadə həmin vaxt həmkəndlisi, zərərçəkmiş Ziyad Hacıyevə (adı, soyadı şərtidir) olaydan bir qədər əvvəl idarə etdiyi avtomobillə ona yol vermədiyinə görə irad bildirməsini bəhanə edib. O, heç bir əsaslı səbəb olmadan mübahisə yaradıb, insanların çox olduğu yerdə ucadan nalayiq ifadələr işlədib və zərərçəkmişin üzərinə fiziki zor tətbiq edib. Sonra təqsirləndirilən şəxs Ziyadı başı ilə bir dəfə, yumruqla bir neçə dəfə zərbə vuraraq, ona sağlamlığa zərər vurmayan xəsarətlər yetirib.
Hadisədən sonra Paşa Paşzadə saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Biləsuvar Rayon Məhkəməsinin hökmü ilə ona 1 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) növündə cəza təyin edilib. Hökmdən narazı qalan zərərçəkmiş şəxs apellyasiya şikayəti verib.
Kamal Məmmədov