AZ

“Gecə ovçuları” bölgədə: Hədəfləri bu ölkənin prezidentidir

BAKI, 27 oktyabr. TELEQRAF

ABŞ ordusunun ən elit helikopter birliklərindən olan “Gecə ovçuları” (“Night Stalkers”) Karib dənizində - Venesuela sahilləri yaxınlığında görülüb.

Teleqraf xəbər verir ki, bununla ABŞ-nin Venesuela Prezidenti Nikolas Maduroya qarşı ölkəyə hərbi müdaxiləyə hazırlaşdığına dair regionda narahatlıqlar artıb.

ABŞ ordusunun gizli 160-cı Xüsusi Əməliyyatlar Hava Alayına (SOAR) bağlı olan bu birlik vaxtilə “Əl-Qaidə” terror təşkilatının lideri Üsamə bin Ladenin öldürülməsi, Somalidə Moqadişu və Panamada Norieqanın devrilməsi kimi əməliyyatlarda iştirak edib, eləcə də Suriya və İraqdakı müharibələrdə. Birliyin şüarı “Ölüm qaranlıqda gəlir” kimi tanınır.

Bu dəfə “Gecə ovçuları” “MH-6 Little Bird” və “Black Hawk” helikopterləri ilə Venesuela sahillərindən təxminən 150 kilometr məsafədə - Karib dənizində görülüb.

Bölgədəki bu fəallıq B-52 bombardmançıları və F-35 qırıcılarının da müşayiət etdiyi genişmiqyaslı bir ABŞ hərbi yerləşdirilməsinin bir hissəsi kimi qiymətləndirilir.

ABŞ Prezidenti Donald Trampın Venesuela daxilində Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) əməliyyatlarına şəxsən icazə verdiyi və Prezident Nikolas Maduronu ABŞ ilə qarşıdurmaya girməməsi” barədə xəbərdar etdiyi bildirilir. Bu açıqlamalar bölgədə gərginliyi daha da artırıb.

Sentyabr ayından bəri ABŞ-nin Karib hövzəsində narkotik daşıdığı iddia edilən gəmilərə endirdiyi raket zərbələri nəticəsində azı 27 nəfər həlak olub.

Venesuelanın keçmiş lideri Uqo Çavesin məsləhətçisi Eva Qolinqer deyib: “ABŞ-nin hərbi müdaxilə ehtimalı hazırda 75 faizdən yuxarıdır. Hər an gecəyarısı bir hücum xəbəri ala bilərik”.

Çaves dövrünün nazirlərindən Andres İzarra ABŞ-nin mümkün Karakas əməliyyatının Somali tipli bir fəlakətə çevriləcəyini proqnozlaşdırır. İzarra qeyd edib ki, Maduronun təhlükəsizlik qüvvələri və milislərindən ibarət təxminən 50 min silahlı şəxs ABŞ qüvvələrinə ciddi itkilər verə bilər:

“Onlar Karakası Moqadişuya çevirəcəklər”, - o vurğulayıb.

Seçilən
56
teleqraf.com

1Mənbələr