AZ

Rusiya nüvə mühərriki ilə işləyən yeni döyüş raketini sınaqdan keçirib

Rusiya nüvə mühərriki ilə işləyən “Burevestnik” raketini sınaqdan keçirib.

AzPost bildirir ki, Rusiya Baş Qərargah rəisi Valeri Gerasimovun prezident Putinə nüvə ilə işləyən Burevestnik qitələrarası qanadlı raketinin uğurlu sınağı barədə hesabat verdiyini göstərən video yayımlayıb.

Hərbi forma geyinmiş Putin bu sınağı “unikal məhsul” adlandırıb və dünyada heç kimin belə raketə sahib olmadığını deyib.

Rusiya qüvvələrinin birləşmiş qrupunun naməlum köməkçi komandanlıq məntəqəsində baş tutan görüşdə Gerasimov bildirib ki, sınaq oktyabrın 21-də baş tutub. Onun sözlərinə görə, Burevestnik təxminən 15 saat uçub və 14.000 kilometr məsafə qət edib. “Və bu, son hədd deyil”, – deyə Baş Qərargah rəisi əlavə edib. Putin cavab olaraq bildirib ki, “bunun nə olduğunu, bu yeni sistemin hansı silah sinfinə aid olduğunu müəyyən etmək və bu silahın Silahlı Qüvvələrimizdə yerləşdirilməsi üçün infrastrukturun hazırlanmasına başlamaq lazımdır”.

“Burevestnik” Rusiyanın qitələrarası raketidir. “Mediazona”nın məlumatına görə, amerikalı mütəxəssislər mühərrikin işləməsi zamanı radioaktiv çirklənmə riskinə görə onu “uçan Çernobıl” adlandırırlar.

Putin ilk dəfə “Burevestnik”in hazırlanmasını 2018-ci ildə Federal Məclisə etdiyi müraciət zamanı elan etmiş və sınaqlar eyni vaxtda başlamışdı. 2023-cü ilin oktyabrında Putin “Burevestnik”in Arktikada uğurlu sınaqdan keçirildiyini elan etmişdi. Avqust ayında “Reuters” və “Barents Observer” Rusiyanın Alyaskada Putin-Tramp görüşündən əvvəl “Burevestnik”i sınaqdan keçirməyə hazırlaşdığını bildirmişdilər.

AzPost.az

Seçilən
78
azpost.info

1Mənbələr