BAKI, 27 oktyabr. TELEQRAF
“Ermənistan sabiq prezidenti Robert Köçəryan Vaşinqtonda imzalanmış sənədi “tanımır”.
Teleqraf xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspert bildirib ki, Köçəryan oktyabrın əvvəlində Moskvadan qayıtdıqdan sonra mətbuat konfransı keçirərək Zəngəzur dəhlizinin açılmasını özündə ehtiva edən üçtərəfli bəyannamə ilə bağlı “mövqeyini” bölüşüb:
“Köçəryan 8 avqust sənədinin Ermənistana heç nə qazandırmadığını iddia edib. Həmçinin həmin gün paraflanmış “sülh sazişinin hüquqi qüvvəsinin olmadığını” söyləyib. Qarşıdakı parlament seçkilərində baş nazirliyə namizəd olacağını elan edən Köçəryan indidən üçtərəfli sənədi “tanımadığını” elan etməklə, Rusiya və İrana da reveranslar edir.
Hazırda Ermənistan müxalifəti və II Qareginin başçılıq etdiyi kilsə açıq şəkildə sülh prosesinin əleyhinədir. Əgər Köçəryan və ya Sərkisyan hakimiyyəti götürsə, Azərbaycanla bütün razılaşmaları pozacaqlar. Əlbəttə, geosiyasi reallıqlar və Rusiyanın zəifləməsi, Azərbaycan və Ermənistan arasında tranzit yolların açılması ilə bağlı razılaşmalar erməni ictimaiyyətinin Nikol Paşinyana dəstəyini artırır. Proseslər müharibə gündəliyini əməkdaşlıq gündəliyi ilə əvəzləyir. Sülh prosesinə qarşı olan Ermənistan müxalifətinin bu prosesi pozmaq və hakimiyyətə gəlmək prespektivi yoxdur”.
Məhəmməd Əsədullazadə Paşinyanın ötən həftə II Qaregin tərəfindən kilsədən uzaqlaşdırılan keşiş Aram Asatryanın liturgiya mərasiminə qatılmasına diqqət çəkib:
“Artıq Ermənistan baş naziri II Qaregini kilsədən uşaqlaşdırmaq üçün aktiv şəkildə dini mərasimlərə qatılmağa başlayıb. Zənnimcə, yaxınlarda Aramı yeni katolikos elan edəcəklər. Hakimiyyət müxalifəti kilsədə də neytrallaşdırır”.