Ukrayna ilə müharibənin yaratdığı iqtisadi çətinliklər, artan ictimai narazılıq Rusiya prezidenti Vladimir Putinin mümkün çevrilişlə bağlı qorxularını artırıb.
Publika.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın “The Telegraph” qəzetinin analitik məqaləsində bildirilir.
Qərb analitikləri iddia edirlər ki, Rusiya prezidentinin narahat olmaq üçün getdikcə daha çox səbəbi var: Aİ və ABŞ yeni sanksiyalar tətbiq etməkdə davam edir, biznes yüksək faiz dərəcələri ilə iflic vəziyyətindədir, dövlət borcu artır, əmtəə qiymətləri yüksəlir.
Rusiyanın İqtisadi inkişaf naziri Maksim Reşetnikov xəbərdarlıq edir ki, iqtisadiyyat “resessiya astanasındadır”. “Rosstat”ın məlumatına görə, müharibə başlayandan bəri inflyasiya 40%-i keçib.
Rusiya Maliyyə Nazirliyinin proqnozuna görə, 2025-ci ildə Rusiya büdcəsinin kəsiri ÜDM-in 2,6%-nə və ya 5,7 trilyon rubla çata bilər ki, bu da planlaşdırılan 0,5%-dən 5 dəfə çoxdur. Nəşr qeyd edir ki, kəsiri ödəmək üçün hökumət vergiləri artırmalıdır.