Argentinada keçirilən Konqresə aralıq seçkilərində president Xavyer Mileyin partiyası qalib gəlib.
NOCOMMENT.az bu barədə “The Guardian” nəşrinə istinadən xəbər verir.
Səsvermə bülletenlərinin 95%-i hesablandıqdan sonra prezidentin lideri olduğu “La Libertad Avanza” (“Azadlıq gəlir”) partiyası 40,84% səs toplayıb. Onun əsas rəqibi olan “Fuerza Patria” partiyası 31,67% səs toplayıb.
Nəşr yazır ki, Argentina prezidenti Xavyer Mileyin partiyası seçkilərdən sonra Konqresdə səs çoxluğu əldə etsə də, nəticə ilkin hesablamalardan yüksək olub.
Seçkilər parlamentin aşağı palatasındakı 257 yerdən 127-si və Senatın üçdə biri (72 yerdən 24-ü) uğrunda keçirilib. Mileyin partiyası aşağı palatada 64, Senatda isə 12 yer qazanıb. Bu, “La Libertad Avanza”ya prezidentin veto hüququnu qoruyub saxlamaq üçün aşağı palatanın ən azı üçdə birini təmin etməyə imkan verir.
“The Financial Times” yazırdı ki, ABŞ prezidenti Donald Tramp bu seçkilərdən öncə Xavyer Mileyə dəstəyini ifadə etmişdi. O, bildirmişdi ki, ölkəsinin Argentinaya 20 milyard dollarlıq yardım paketinin taleyi aralıq seçkilərində Xavyer Mileyin siyasi uğurundan asılı olacaq. “Xavyer Miley mənim tam və mütləq dəstəyimə malikdir”, – deyə Amerika lideri “Truth” sosial şəbəkəsində yazmışdı.
Xatirə SADİQ