AZ

Marko Rubio: ABŞ-nin Pakistanla münasibətləri Hindistana qarşı yönəlməyib...

Vaşinqton regionda balanslı və praqmatik siyasət yürütmək niyyətindədir...

ABŞ Dövlət katibi Marko Rubio bəyan edib ki, Vaşinqtonun Pakistanla əlaqələrinin genişlənməsi Hindistanla münasibətlərə zərər vermir və bu iki istiqamət bir-birinə qarşı qoyulmur.

Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentliyi məlumat yayıb.

“Necə ki, Hindistanın ABŞ-ın tərəfdaş olmadığı bəzi ölkələrlə münasibətləri var, bizdə də eyni hal mümkündür. Bu, yetkin və praqmatik xarici siyasətin bir hissəsidir. Mən düşünmürəm ki, bizim Pakistanla addımlarımız Hindistanla olan dostluğumuza mənfi təsir göstərir. Bu münasibətlər dərin, tarixi və strateji əhəmiyyət daşıyır”, deyə Rubio bildirib.

Dövlət katibi vurğulayıb ki, ABŞ Pakistanla əlaqələri hələ Hindistanla yaranmış fikir ayrılıqlarından əvvəl formalaşdırmağa başlayıb. Məqsəd təhlükəsizlik və iqtisadi əməkdaşlığı gücləndirmək, regionda Vaşinqtonun təsirini bərpa etməkdir.

ABŞ-nin Pakistana doğru diplomatik dönüşü prezident Donald Tramp dövründə müşahidə olunub. Bu proses Hindistanda narazılıqla qarşılanmış və eyni zamanda Trampla Hindistanın baş naziri Narendra Modi arasında münasibətlərin soyuması ilə eyni vaxta təsadüf edib.

Ekspertlər hesab edirlər ki, ABŞ hazırda həm Hindistanla strateji tərəfdaşlığı qorumağa, həm də Pakistanla münasibətləri yenidən formatlamağa çalışır. Bu, Vaşinqtonun Cənubi Asiyada balanslı və çoxvektorlu siyasət yürütmək cəhdinin göstəricisi kimi dəyərləndirilir.

Poliqon.info

Seçilən
16
poliqon.info

1Mənbələr