Dominikan Respublikasında bir milyondan çox insan içməli suya çıxışını itirib
Ajans.az xəbər verir ki,bu barədə Prensa Latina agentliyi ölkənin Fövqəladə Hallar Mərkəzinə istinadən məlumat yayıb. Məlumata görə, qasırğa 63 su sisteminə ciddi zərər vurub. Mərkəzin direktoru Xuan Manuel Mendes bildirib ki, təbii fəlakət nəticəsində 260-dan çox evə ziyan dəyib, təxminən 1 400 nəfər evsiz qalıb. Son günlərdə qasırğanın Dominikan Respublikası sahillərindən keçməsi güclü küləklər, leysan yağışlar, dalğalar, ağacların aşması və torpaq sürüşmələri ilə müşahidə olunub. Hazırda dörd əyalətdə yüksək xəbərdarlıq vəziyyəti qüvvədə qalır. “Melissa” səbəbindən daha əvvəl dayandırılmış iş və tədris fəaliyyəti isə 27 oktyabrda hava şəraitinin yaxşılaşması ilə əlaqədar ölkənin qalan 28 əyalətində bərpa olunacaq. Kuba Meteorologiya İnstitutunun (Insmet) məlumatına əsasən, qasırğa son 12 saat ərzində Yamaykanın cənub hissəsində güclənib və ada ölkəsinə yaxınlaşır. Yamayka hakimiyyət orqanları, o cümlədən paytaxt Kinqston daxil olmaqla, bir neçə bölgədə təxliyə elan ediblər. Kuba prezidenti Migel Dias-Kanel bildirib ki, adanın şərq hissəsində minlərlə insan təxliyə olunub, meteoroloqlar isə “Melissa”nın yaxın vaxtlarda regionu tərk edəcəyini proqnozlaşdırırlar.