BAKI, 27 oktyabr. TELEQRAF
Türkoloq alim, İstanbul Mərmərə Universtitetinin müəllimi Arif Acaloğlunun ölümünə səbəb olmaqda ittiham olunan Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin sabiq müdiri Azər Maqsudovun məhkəməsi keçirilib.
Teleqraf xəbər verir ki, bu gün Sabunçu Rayon Məhkəməsində hakim Anar Rzayevin sədrlik etdiyi prosesdə dövlət ittihamçısı çıxış edib.
Dövlət ittihamçısı təqsirləndirlən Azər Maqsudovun 3 il nəqliyyat vasitəsimi idarəetmə
hüqundan məhrum edilməklə 5 il 6 ay müddətə azadlıqdan məhrum edilməsini istəyib.
Daha sonra məhkəmə hökm elan edib.
Hökmə əsasən, təqsirləndirilən şəxs nəqliyyat vasitəsini 1 il idarəetmə hüququndan məhrum edilməklə, 4 il müddətə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssiəsində çəkəcək.
Eyni zamanda məhkəmə qaldırılan mülki iddianı baxılmamış saxlayıb.
Qeyd edək ki, hadisə ötən ilin noyabrın 15-də, saat 23:30-da Olimpiya Stadionunun yaxınlığında baş verib.
Bakı şəhər sakini Maqsudov Azər Spartak oğlu etibarnamə ilə idarə etdiyi 90-DR-808 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobillə yaşadığı Şağan qəsəbəsi istiqamətində hərəkət edərkən yolu sağdan sola keçən Gürcüstan Respublikasının Bolnisi rayonunda anadan olan və Nərimanov rayonunda qeydiyyatda olan 67 yaşlı Acaloğlu Arif Mikayıl oğlunu vurub.
Yaralı aldığı xəsarətlərdən yerləşdiyi 3 saylı şəhər Kliniki Xəstəxanasında dünyasını dəyişib.
Hadisədən sonra Azər Maqsudovun barəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma - bu məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.