Azad Cammu və Kəşmir prezidenti Sultan Mahmud Çaudri 27 Oktyabr Qara Gün münasibətilə beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb.
Hafta.az-ın yazdığına görə, cənab Çaudri bildirib ki, Hindistan işğal etdiyi Kəşmirin saf torpağına “öz çirkli ayaqlarını basaraq” kəşmirlilərin hüquqlarını qeyri-qanuni şəkildə cilovladı, Kəşmir xalqının ən adi insan hüquqları əllərindən alıdı və onlara məşəqqət yaşadıldı.
Çaudri qeyd edib ki, Hindistan Kəşmir üzərində qeyri-legitim hakimliyini saxlamaq üçün işğalçı qüvvələri vasitəsilə dövlət terrorizmini davam etdirir.
Prezident Sultan Mahmud Çaudri bildirib ki, dünyanın hər yerində yaşayan kəşmirlilər Kəşmir məsələsini beynəlxalq səviyyədə işıqlandırmağa hazır olmalı, 27 oktyabr Qara Gün münasibətilə yaşadıqları ölkələrdə Kəşmir məsələsinin həlli və Hindistanın işğal olunmuş Kəşmirdəki vəhşiliklərinə qarşı nümayiş keçirməli, Hindistanın bu qəddar simasını ifşa etməlidirlər.

Cənab Çaudri bildirib ki, bölgədə davamlı sülhün bərqərar olması üçün Kəşmir məsələsini Kəşmir xalqının istəklərinə uyğun şəkildə həll etmək lazımdır.
“Biz Birləşmiş Millətlər Təşkilatından qətnamələrinin həyata keçirilməsində və Kəşmirlilərin öz müqəddəratını təyin etmək hüququnun təmin olunmasında praktik rol oynamasını tələb edirik” deyən prezident Çaudri bildirib ki, bu gün Nəzarət Xəttinin hər iki tərəfində və dünyanın hər yerində yaşayan kəşmirlilər Hindistanın qanunsuz işğalına qarşı Qara Gün qeyd edirlər.
Xatırladaq ki, 1947-ci ildə Hindistan özü Kəşmir məsələsini Birləşmiş Millətlər Təşkilatına təqdim edib və kəşmirlilərə bu məsələnin referendum yolu ilə həll olunacağına söz verib. Lakin Hindistan kəşmirlilərin hüququnu tanımaq əvəzinə, insanlıq tarixindəki ən pis vəhşilikləri törətməklə Kəşmir azadlıq hərəkatını boğmağa çalışır.
“5 avqust 2019-cu il tarixli qanunsuz hərəkətdən sonra Hindistan işğal olunmuş Kəşmirdə bir sıra yeni vəhşiliklər və barbarlıqlara başlayıb. Kəşmirli gənclər həbsxanalarda saxlanılır, qadınlar hər gün zorakılığa məruz qalır, uşaqlar və yaşlılar Hindistanın qəddarlığından və vəhşiliyindən sığortalanmayıblar. Amma Hindistanın bu cür amansız vəhşiliklərinə baxmayaraq, kəşmirlilər qətiyyətləri və müstəqillikləri ilə heç bir halda Hindistanın qanunsuz işğalını qəbul etməyəcəklərini, Hindistanın çirkli ayaqları işğal olunmuş Kəşmirin təmiz torpağından qoparılana qədər mübarizələrini davam etdirəcəklərini bildiriblər”, - prezident Çaudri deyib.
Azad Cammu və Kəşmir rəhbəri müraciətini bu sözlərlə tamamlayıb: “Beynəlxalq ictimaiyyətdən, beynəlxalq qurum və insan haqları təşkilatlarından işğal olunmuş Kəşmir xalqının öz müqəddəratını təyin etmək kimi fundamental hüququnun təmin olubnmasında daha təsirli rol oynamalarını tələb edirik”.

Kəşmir məsələsinə bir az da faktlarla baxaq:
Kəşmir zaman-zaman Hindistana giriş qapısı rolunu oynayıb - Makedoniyalı İsgəndər bu yolla Hindistana daxil olub. Pandavaların, Kuşanların, Karkotaların və Lohanların hakimiyyəti altında qalan Kəşmir XIV əsrdə müsəlmanlaşıb. Sultan Zeynal Abidin (1422-1474) zamanında özünün ən yaxşı dövrünü yaşayan Kəşmir 1587-ci ildə Əkbər tərəfindən işğal edilib. Hindistanda müsəlman dövlətinin imperatoru Avrəngzeybin dövründə 1752-ci ildə Kəşmiri işğal edən əfqanlar Kəşmir xalqına qarşı çox pis davranıblar. Buna görə də Kaşmir xalqı Sinqh istilasına əslində qurtuluş ümidi ilə baxıb, onları xilaskar kimi qəbul ediblər. Sinqhlər əfqanlarla müharibələrdə Doqra sülaləsindən olan Raca Qulab Sinqhdən kömək alırdılar. Qulap Sinq Kəşmirdə sinqhlərlə yaxşı anlaşsa da, Anqlo-Sinqh müharibələri zamanı bitərəf qalıb və daha sonra Britaniyanın tərəfinə keçib. Nəticədə sinqhlər İngiltərəyə məğlub olub. İngiltərə 1846-cı il Amritsar müqaviləsi ilə Kəşmiri suveren elan edib və idarəçiliyini Qulab Sinqhə verib. Məhz bu müqavilə ilə əhalisinin əksəriyyətinin müsəlman olduğu Kəşmirə ilk hindu rəhbər təyin olunub.
Qulab Sinq və ailəsi tərəfindən idarə olunan Kəşmirdə Qulab Sinqhin nəvəsinin oğlu olmadığı üçün idarənin zəifliyi ingilisləri hərəkətə keçirməyə sövq edib və 1889-cu ildə müvəqqəti məclis qurulub. Amma məclis 16 il sonra - tezliklə 1905-ci ildə buraxılıb və köhnə sistem geri qaytarılıb.

Racanın hakimiyyəti altında olan insanlardan ağır vergilər tutulur, kəşmirlilər məhkəməsiz mühakimə olunur və həbs edilirdi. Hindu ənənəsinə görə, müqəddəs sayılan öküz kəsən müsəlmanların cəzası on il həbsdən edama qədər cəza idi. Kəndlilər torpaqsız qalıb, təhsil, sənaye, səhiyyə və digər xidmət sahələri süquta uğrayıb...
Britaniya parlamentinin 18 iyulda qəbul etdiyi, 3 iyun 1947-ci il tarixli Hindistanın müstəqillik aktına və bölünmə planına əsasən müstəmləkə ərazisində həmin il iki müstəqil dövlət yaradılmalı, hindlilərin üstünlük təşkil etdiyi ərazilər Hindistana, qərb əyalətləri və şərqi Benqalda müsəlmanların çox olduğu ərazilər isə Pakistana daxil olmalı idi. Üstəlik, bölünmə şərtlərinə əsasən, knyazlıqlar coğrafi mövqe və ictimai demoqrafiya nəzərə alınmaqla ya Pakistana, ya da Hindistana birləşməli idi. Əhalisinin 87 faizi müsəlmanlardan ibarət olan Kəşmirin Pakistana birləşmək üçün təbii meyli vardı. Ancaq Kəşmirin o zamankı hindli hökmdarı maharaca Hari Sinqh və Hindistan Milli Konqresinin məkrli planları milyonlarla kəşmirlinin gələcəyinin məhv olunmasına yol açmışdı. 1947-ci il oktyabrın 27-də bölünmə planının ruhuna və kəşmirlilərin arzularına məhəl qoymadan, Hindistan qoşun yeridərək Kəşmiri işğal etmişdi. Kəşmir xalqı Hindistanın qeyri-qanuni işğalını elə ilk gündən qəbul etməyərək silahlı mübarizəyə başlanılmışdı. 1948-ci il yanvarın 1-də silahlı qüvvələrinin məğlub olacağını hiss edən Hindistan BMT Təhlükəsizlik Şurasına müraciət etdi. Pakistan və Hindistanın da qəbul etdiyi Təhlükəsizlik Şurasının sonrakı qətnamələrində atəşkəs, atəşkəs xəttinin demarkasiyası, Kəşmirin demilitarizasiyası nəzərdə tutulmuş, BMT tərəfindən azad və qərəzsiz ümumxalq səsvermə keçirilməsi xahiş olunmuşdu. Atəşkəs xəttinin demarkasiyası Kəşmirin iki hissəyə - Azad Cammu və Kəşmirə, eləcə də Hindistanın işğal etdiyi Kəşmirə bölünməsi ilə nəticələndi. BMT qətnamələrinin birinci mərhələsi - atəşkəs icra olunsa da, ərazinin demilitarizasiyası və BMT–nin himayəsi altında ümumxalq səsvermənin keçirilməsi bu günə kimi yerinə yetirilməmiş qalır. 1947-ci il oktyabrın 27-də Hindistanın ilk dövlət başçısı Lord Mountbaten deyirdi: “Kəşmirin birləşmə məsələsi bu ştatın xalqının arzusuna uyğun olaraq çözülməlidir, hökumətimin arzusu orada qayda-qanun yaranan kimi, ştatın birləşmə məsələsinin xalqa müraciət etməklə həll olunmasıdır”.

Hindistanın ilk baş naziri Cavaharlal Neru 1952-ci il 26 iyunda parlamentdə çıxış edərkən deyirdi: “...Kəşmir xalqı bizimlə qalmaq istəmirsə, mütləq getsin; bizim üçün nə qədər ağır olsa da, onları saxlamayacağıq”. Kəşmir münaqişəsinin ən acınacaqlı tərəfi odur ki, Hindistan bu məsələni BMT-nin gündəliyinə özü çıxarıb, ancaq sonra münaqişənin həlli və Kəşmir xalqına öz müqəddəratını təyinetmə hüququnun verilməsi ilə bağlı beynəlxalq ictimaiyyət qarşısında səsləndirdiyi vədlərindən geri çəkilib.
Dehli ilə İslamabad arasında dialoq prosesinin davam etməsinə baxmayaraq, yerlərdə vəziyyət Hindistanın günahsız Cammu və Kəşmir xalqına qarşı dövlət terrorizminin əngəlsiz davam etməsi üzündən dəyişməz qalır. Son 25 ildə Hindistan Silahlı Qüvvələri işğal olunmuş Kəşmirdə 90 mindən çox mülkü şəxsi, 7 min məhkumu qətlə yetirib, 25 min qadını dul, 108 min uşağı yetim qoyub. Bu müddətdə hind əsgərlər tərəfindən 10 kəşmirli müsəlman qadına təcavüz olunub, 106 min yaşayış evi dağıdılıb və sair.
Pakistan dəfələrlə bəyan edib ki, iki ölkə arasında əsas məsələnin həlli ilə bağlı kəşmirlilərin istəklərinə zidd hər hansı variant qəbul olunmayacaq...