AZ

Hindistan və Çin arasında birbaşa uçuşlar bərpa olunub

Ajans.az BBC-ə istinadən xəbər verir ki,bazar ertəsi günü Kalkuttdan Çin şəhəri Quançjouya IndiGo aviaşirkətinin 6E 1703 nömrəli reysi eniş edib və təxminən 180 sərnişin daşıyıb. İki ölkə arasında uçuşlar ilk dəfə 2020-ci ildə Covid-19 pandemiyası səbəbindən dayandırılmışdı. Daha sonra isə Himalay sərhəd bölgəsindəki gərginlik əlaqələrin normallaşmasına mane olmuşdu. Hindistan hökuməti bildirir ki, birbaşa uçuşların bərpası sərnişinlərin hərəkətini asanlaşdıracaq və ikitərəfli mübadilənin tədricən normallaşmasına kömək edəcək. 2023-cü ilin avqust ayında Hindistanın Baş naziri Narendra Modi Şanxay Əməkdaşlıq Təşkilatı sammiti çərçivəsində Çin Prezidenti Si Cinpinlə görüşərək, qonşular arasında 7 il sonra ilk dəfə yüksək səviyyəli səfəri həyata keçirmişdi. Həmin ayın əvvəlində Çin Xarici İşlər Naziri Vanq Yi Hindistana səfər edərək sərhəd və gərginliyin azaldılması məsələlərini müzakirə etmişdi. İyul ayında Hindistan Çin vətəndaşları üçün vizaların verilməsini yenidən bərpa etmişdi. Səyahət məlumatları təminatçısı OAG bildirir ki, 2019-cu ildə xidmət dayandırılmadan əvvəl iki ölkə arasında təxminən 2,588 uçuş həyata keçirilmişdi. Bazar günü Kalkutta hava limanında IndiGo sərnişinləri qeydiyyata alınarkən birbaşa uçuşların bərpası münasibətilə mis lampalar yandırılıb. Çinin yüksək vəzifəli konsulluq rəsmisi Qin Yonq jurnalistlərə bunun “Hindistan-Çin münasibətləri üçün çox vacib bir gün” olduğunu bildirib. Sərnişinlər birbaşa uçuşların səyahət vaxtını azaltdığını və rahatlıq yaratdığını bildiriblər. İşgüzar səfərdə olduğunu deyən Krişna Qoyal isə ANI agentliyinə bildirib ki, uçuşlar ölkələr arasında ticarət və münasibətlərin inkişafına töhfə verəcək. Çin səfirliyinin sözçüsü açıqlayıb ki, China Eastern Airlines gələn ay Şanxay-Delhi marşrutu üzrə uçuşları həftədə üç dəfə həyata keçirəcək.

 

Seçilən
25
Ajans.az

1Mənbələr