AZ

Azərbaycan-Türkmənistan strateji tərəfdaşlığı güclənir

Hər dəfə türk dünyasından söhbət düşəndə istər-istəməz gözlərimiz önündə bizimlə dərin və vahid mənəvi, mədəni köklərə malik olan qonaqpərvər, sadə və təvazökar türkmən xalqı canlanır. Tarixin qədim çağlarında təkrarolunmaz bozqır mədəniyyəti yaratmış türk etnosunun bir qolu olan türkmənlər dil cəhətdən bizimlə eyni kökə malikdirlər. Azərbaycanlılar kimi türkmənlər də tarixin bir sıra keşməkeşli çağlarında yadellilərin viranedici hücumlarına qarşı ölüm-dirim savaşına qalxmış və özünün milli kimliyini qoruyub saxlamışlar. 1991-ci ildə Sovetlər Birliyinin dağılması Türkmən xalqının taleyində dönüş nöqtəsi oldu. Milli azadlığın əldə olunması müstəqil dövlətçiliyin qurulması və onun möhkəmləndirilməsi prosesinə gedən yolun qapılarını türkmən xalqının üzünə aımışdır.  

Müstəqilliyin ilk illərində Türkmənistan rəhbərliyi cəsarətli sülhsevər addım atdı. BMT Baş Məclisinin iclasında Türkmənistanın irəli sürdüyü 12 dekabr tarixinin “Beynəlxalq bitərəflik günü” kimi qeyd edilməsinə dair qətnamə layihəsinə ölkəmizin həmmüəllif rolunda qoşulması da əməkdaşlığımızın yüksək səviyyəsinin göstəricisi oldu. Elə Türkmənistanın başlıca özəlliyi də onun bitərəf dövlət olmasıdır. 1995-ci ildə “daimi tərəfsizlik” statusu elan etmiş Türkmənistan, Aİİ, KTMT, NATO və ŞƏT kimi beynəlxalq qurumlardan uzaq durur. Bitərəflik siyasəti bu ölkəni Rusiya, İran və Qərbin siyasi təzyiqlərindən qoruyub. Eyni zamanda bu siyasət rəsmi Bakı və Ankaraya siyasi risklər olmadan Aşqabadı iqtisadi əməkdaşlığa cəlb etməyə imkan verir.

Türkmənistan iqtisadiyyatı təbii sərvətlərin, əsasən gəlirin 70 faizə qədərini və ixracın əsasını təşkil edən təbii qazın (dünyanın dördüncü ən böyük ehtiyatı) hasilatına əsaslanır. Türkmənistan dünyanın sübut edilmiş təbii qaz ehtiyatlarının təxminən 10 faizinə sahib olan təbii sərvətlərlə zəngin bir ölkədir. Lakin əhəmiyyətli ehtiyatlarına baxmayaraq, iqtisadiyyat aşağı enerji qiymətləri, nəqliyyat problemləri və su çatışmazlığı səbəbindən çətinliklərlə üzləşir. 

Ölkədə ixrac yönümlü və idxalı əvəz edən yanaşma ilə sosial yönümlü bazar iqtisadiyyatını inkişaf etdirir. Həmçiin tekstil və kimya sənayesinin inkişafı və nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi yolu ilə şaxələndirmə istiqamətində işlər gedir. Ölkə iqtisadiyyatı əsasən təbii qaz, neft, neft-kimya məhsulları, pambıq, buğda və tekstil məhsullarının istehsalı və ixracından asılıdır. 

Sənaye, kənd təsərrüfatı və enerji əsasən dövlət nəzarəti altında qalır, baxmayaraq ki, xidmət sektorunda qismən özəlləşdirmə mövcuddur. Ölkə idxalı azaltmağı və qida, tekstil, kimya və gübrə istehsalı kimi yeni sənaye sahələrini inkişaf etdirməyi hədəfləyir.

Əsas valyuta gəlirlərini gətirən və xarici ticarət dövriyyəsinin əsasını təşkil edən məhsullar məhz neft hasilatından əldə edilən qaz, təmizlənmiş neft, azot gübrələri, xam neft və elektrik enerjisidir.  Bu ixrac məhsulları əsasən Çinə, Türkiyəyə, Özbəkistana, Azərbaycana və Mərakeşə tədarük olunur. Lakin təbii qazın nəqlindəki məhdudiyyətlər və problemlər ixracın inkişafını ləngidir. İqtisadiyyat qlobal enerji qiymətlərindəki qalxıb-enmələrə çox həssasdır. Türkmənistanın ümumi daxili məhsulunun həcmi 2024-cü ildə tarixi maksimum həddə  64 milyard dollara çatmışdır.

Hələ də kənd təsərrüfatı mühüm bir sektor olaraq qalır. Lakin onun məhsuldarlığı su çatışmazlığı və iqlim dəyişikliyilə əlaqədar daha da ağırlaşan torpaq keyfiyyətinin pisləşməsi ilə məhdudlaşır. Su qıtlığı və torpağın şoranlaşması kənd təsərrüfatına mənfi təsir göstərir. Ölkədə neçə illərdən bəri ekoloji problemlərin həlli üçün görülən zəruri tədbirlərə baxmayaraq, suvarılan torpaqların şoranlaşması, səhralaşma və biomüxtəlifliyin itirilməsi Türkmənistan üçün ən kəskin problem olaraq qalmaqdadır.

BMT-nin Avropa İqtisadi Komissiyası Türkmənistanda biomüxtəlifliyin itirilməsinə diqqət çəkir və bununla əlaqədar xüsusi sənəd hazırlayıb. Bu sənəd Türkmənistanda ətraf mühitin idarə edilməsini təkmilləşdirmək üçün 67 tövsiyədən ibarətdir. Bu problemə ən parlaq misal ölkədə nərə balıqlarının, Xəzər suitilərinin və bəbirlərin sayının azalmasıdır. Təbii meşələrin (məsələn, saksovul, tuqay, püstə və ardıc meşələri) sahəsi son illərdə xeyli azalmış və deqradasiyaya uğramışdır. Sənəddə 2000-ci ildən indiyədək ölkədə əldə olunmuş irəliləyişlər qiymətləndirilir. O, ekoloji siyasətin işlənib hazırlanması, həyata keçirilməsi və maliyyələşdirilməsi, iqlim dəyişikliyi, su ehtiyatlarının idarə olunması, havanın keyfiyyəti, tullantılar, enerji, meşə təsərrüfatı, torpaq fondunun idarə olunması və digər ölkələrlə ətraf mühit sahəsində əməkdaşlıqla bağlı ölkə üçün mühüm əhəmiyyətli 13 məsələdən söhbət gedir. 

Xatırladaq ki, 2000-ci illərin əvvəllərində Türkmənistan ekoloji strategiya və proqramlar hazırlamağa başlamışdı. Atmosfer havasının mühafizəsi, “yaşıl zolaqların” inkişafı, su, torpaq və meşə ehtiyatlarının mühafizəsi, biomüxtəlifliyin qorunması dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Təsadüfi deyil ki, hazırda Türkmənistan 11 beynəlxalq ekoloji sazişin iştirakçısıdır.

Son zamanlar su ehtiyatlarının idarə edilməsi Türkmənistan üçün əsas məsələlərdən biridir. Ölkənin su ehtiyatlarının demək olar ki, 90 faizi suvarma üçün istifadə olunur. Lakin suvarma üçün su çox vaxt minerallaşma səviyyəsinə görə dövlət standartlarına cavab vermir: xloridlərin və sulfatların tərkibi icazə verilən normaları üstələyir. Bu, kənd təsərrüfatı torpaqlarının 60 faizdən çoxunun şoranlaşmasına səbəb olub. Eyni zamanda əhəmiyyətli su itkiləri və köhnəlmiş suvarma üsullarından geniş istifadə bataqlığa səbəb olur. Türkmənistanda ətraf mühitin idarə edilməsini təkmilləşdirmək üçün BMT Komissiyası Türkmənistana 67 tövsiyədən ibarət icmal göndərib.

Türmənistan müstəqillik dönəmində ölkənin müdafiə qabiliyyətinin artırılmasına ciddə önəm verib. Aparılmış məqsədyönlü hərbi islahatların sayəsində Türkmənistan hərbi gücünə görə dünyada 82-ci yerdədir. Bu da bütövlükdə TDT-nın hərbi qüdrətinin artması deməkdir. 

SSRİ-nin dağılmasından sonra hər iki ölkənin beynəlxalq münasibətlərin subyektinə çevrilməsi onların arasında keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoydu. Məlumdur ki, Azərbaycan üçün Mərkəzi Asiyaya açılan iki qapıdan biri qardaş Türkmənistan hesab olunur.  İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il iyunun 9-da quruldu. 1999-cu ilin iyununda Türkmənistanın Bakıda, 2002-ci ilin oktyabrında isə Azərbaycanın bu ölkədə səfirliyi fəaliyyətə başladı. Bununla da getdikcə genişlənən və möhkəmlənən bir münasibətlər sistemi quruldu. Bir vaxtlar subyektiv və xarici amillərin təsiri altında qarşılıqlı münasibətlərin səviyyəsi mövcud imkanlardan aşağı olsa da, tezliklə bu sahədə ciddi irəliləyişləri təmin etmək mümkün oldu. Bu sahədə hər iki ölkənin siyasi rəhbərliyi qətiyyətli addımlar atdılar və qarşıya çıxan maneələr aradan qaldırıldı. Azərbaycan və Türkmənistan dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri münasibətləri keyfiyyətcə yeni pilləyə yüksəltdi. Təqdirəlayiq haldır ki, Azərbaycanın işğaldan azad edilmiş bölgələrində bərpa-abadlıq işlərində Türkmənistan tərəfi də yaxından iştirak edir. 

2025-ci ilin iyul ayında Azərbaycan və Türkmənistanın xarici işlər nazirləri arasında keçirilən görüşdə tərəflər enerji sektorunda əməkdaşlığın genişləndirilməsi və regional nəqliyyat dəhlizlərinin inkişafı məsələlərini müzakirə etmişlər.

Türkmənistanla əlaqələr həm də üçtərəfli (Türkiyə-Azərbaycan-Türkmənistan) və çoxtərəfli (Türk Dövlətləri Təşkilatı, Azərbaycan–Mərkəzi Asiya) formatlarda da inkişaf edir. 

İqtisadi əməkdaşlıq da durmadan genişlənir. Xatırladaq ki, hələ də istifadə edilməmiş xeyli potensial imkanlar vardır ki, onların reallaşacağı təqdirdə əməkdaşlıq dəfələrlə genişlənəcəkdir. Karbohidrogen ehtiyatları ilə zəngin olan Xəzərətrafı bu qardaş ölkə ilə Azərbaycan arasında əlaqələrin əsas spektrini nəqliyyat-tranzit, logistika və enerji resurslarının daşınması sahələri təşkil edir. Azərbaycan və Türkmənistanı ”TRACECA” , ”Lapis Lazuli”, ”Xəzər dənizi – Qara dəniz”, ”Şərq – Qərb” kimi transkontinental nəqliyyat dəhlizlərinin önəmli iştirakçısına çevirir. Artıq Türkmənistan tərəfi bu əməkdaşlığın bəhrəsini görməkdədir. 

Nəqliyyat və logistika sahəsində də sıx əməkdaşlıq günü-gündən genişlənir. Ələt limanının tikintisi və Türkmənbaşı limanının modernizasiyası ölkələr arasında yük daşımaları artırdı. Artıq Xəzər dənizi hövzəsində Azərbaycan limanlarına daxil olan və Türkmənistan bayrağı altında üzən 10-a yaxın gəmi fəaliyyət göstərir.

Bakı-Tbilisi-Qars dəmiryolu infrastrukturu Türkmən mallarının Türkiyəyə və Avropaya, eləcə də əks istiqamətdə daşınması üçün önəmli bir vasitəyə çevrilmişdir. BTQ dəmiryolu Avrasiyanın bir ucundan digər ucuna yükdaşıma müddətini 15 günə endirib və bu da öz növbəsində eyni istiqamətdə su yolu ilə daşımalardan iki dəfə qısa vaxta və hava yolu ilə daşımalardan iki dəfə ucuz xərclərə başa gəlir.

Özbəkistan-Qırğızıstan-Çin və Termez-Məzari-Şərif-Kabil-Pişəvər dəmir yollarının tikintisi isə Azərbaycana Türkmənistan və ya Qazaxıstan vasitəsilə Çinə alternativ çıxış imkanı yaradır. Bununla Türkmənistan Azərbaycan vasitəsilə 600 milyona yaxın istehlakçısı olan Avropaya, Azərbaycan isə Türkmənistan vasitəsilə 3 milyarddan çox istehlakçısı olan Hind-Sakit okeanı regionuna çıxa bilər.

Qarşlıqlı ticarət əlaqələri də sürətlə genişlənməyə başlayıb. Türkmənistanda “Azərbaycan ticarət evinin” açılması bu sahədə əlaqələrin intensivləşdirilməsinə ciddi təkan verir. Təsadüfi deyil ki, iki ölkə arasında ticarət dövriyyəsi 2024-cü ildə 384 milyon dollara yax;n olmuşdur. 2025-ci ilin ilk beş ayında isə 118,5 milyon dollar təşkil etmişdir. Türkmənistan Azərbaycandan ən çox qeyri-neft məhsulları alan 10-cu ölkədir.

2025-ci ilin yanvar-iyun aylarında Azərbaycan ilə Türkmənistan arasında ticarət əməliyyatlarının həcmi 140,2 milyon dollar təşkil edib. Bu dövrdə Türkmənistan ilə ticarət əməliyyatları Azərbaycanın ümumi ticarət dövriyyəsinin 0,57 faizi həcmində olub. Nəzərdə tutulmuş əməkdaşlıq formaları işə düşəndən sonra bu göstərici sürətlə artacaqdır.

Türkmənbaşıda Azərbaycan konsulluğunun açılması, SOCAR-ın Türkmənistanda yataqların istismarında iştirakı da iqtisadi əməkdaşlığın güclənməsinə təkan verir. Eyni zamanda hər iki ölkədə diaspora mərkəzlərinin fəaliyyət göstərməsi də iki xalq arasında əlaqələri yaxınlaşdırır. Mədəniyyətin müxtəlif sahələrində əməkdaşlıq mövcuddur. Qarşılıqlı olaraq mədəniyyət həftələrinin keçirilməsi mütəmadi hal almışdır. 

Son zamanlar iki qardaş ölkə arasında müşahidə olunan sürətli yaxınlaşma və inteqrasiya prosesi hər iki dövlətin və xalqın milli maraqlarına tam cavab verir və inamla qeyd etmək olar ki, yaxın gələcəkdə Azərbaycan-Türkmənistan strateji tərəfdaşlığının daha da güclənəcəyinin şahidi olacağıq.    

Atamoğlan MƏMMƏDLİ,

BDU-nun dosenti

Seçilən
25
azerbaijan-news.az

1Mənbələr