1993-cü il avqustun 31-də Ermənistan ordu hissələrinin hücumu nəticəsində işğala məruz qalmış və 27 il ərzində əsl vandalizmə, barbarlığa məruz qalmış Qubadlı artıq beşinci ildir ki, dogma nəfəslərinə qovuşmaqla, yenidən qurulur, inkişaf edir, bir sözlə xoşbəxt günlərini yaşayır.
İşğal vaxtı Qubadlı şəhəri və rayonun 94 kəndi ermənilərin nəzarətinə keçmiş, rayonun 30 minə yaxın əhalisi yurd-yuvasından didərgin düşərək, ölkəmizin müxtəlif rayon və şəhərlərində məcburi köşkün həyatı yaşamağa məcbur edilmişlər. Ancaq təkcə Qubadlılar deyil, bütövlükdə bütün xalqımız inanırdı ki, bir gün gələcək Azərbaycan öz ərazi bütövlüyünə nail olacaq, nəyin bahasına olursa-olsun işğal altında qalan bütün torpaqlarımız azad ediləcəkdir. Şükürlər olsun ki, bu baş verdi. Müzəffər Ali Baş Komandanın müdrik, düşünülmüş, məqsədyönlü siyasəti nəticəsində Azərbaycan addım-addım məqsədinə doğru irəlilədi. Dövlət olaraq, xalq olaraq hər şey Vətənin bütövlüyü uğrunda eyni amala xidmət etdi. Bizlər həmin anların şahidi olaraq, qürurlandıq!.
Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum əməliyyatları tarixi Qələbə ilə nəticələndi. Müharibənin gedişində – 25 oktyabr tarixində Qubadlı şəhəri erməni işğalından azad edildi. Bununla da Qubadlı rayonu üzərində Azərbaycanın suverenliyi bərqərar oldu. Coğrafi baxımdan yanaşsaq görərik ki, rayonun bir hissəsi aran olsa da, əsas hissəsi dağlıqdır. Ölkəmizin əsad meşə sahələrinin bir hissəsi bu rayonun payına düşür. Rayon ərazisindən bol sulu Həkəri və Bərgüşad çayları keçir. Qubadlı kənd təsərrüfatı rayonudur. Burada işğala qədər taxıl, üzüm, tütün, bostan məhsulları istehsal edilir, heyvandarlıqla məşğul olunurdu. Son illər sənaye sahələri də rayonun iqtisadiyyatında yer tutmağa başlamışdı. İşğal nəticəsində 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılmış və yararsız vəziyyətə salınmışdır. 1080 ədəd kənd təsərrüfatı obyekti, 650 km avtomobil yolu, 2 su anbarı, 150 km magistral su xətləri, 4830 km elektrik xətləri, 165 km magistral qaz boru xətti, 9 tikinti idarəsi, 4 yol idarəsi, 18 ədəd dəyirman, 4 ədəd su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformatorlar tamamilə dağıdılmışdır. Qubadlı Azərbaycan tarixinə görkəmli şəxsiyyətlər vermişdir. Biz fəxr edirik ki, Qubadlıda Qaçaq Nəbidən, Əliyar Əliyevdən başlanan qəhrəmanlıq yolu Milli Qəhrəman Şükür Həmidov və yüzlərlə qəhrəman oğullarımız tərəfindən şərəflə davam etdirilmişdir. Bəli, bu gün xalqımız beş il öncə düşmən tapdağından azad edilmiş Qubadlının yeni simasını gördükcə qürrələnir, sevinir.
Bu gün xalqımız tarixi Zəfəri bizlərə yaşadan Möhtərəm Prezident və onun Ali Baş Komandanı olduğu Qalib Ordunun əsgər və zabitlərinə, canını Vətən yolunda qurban edən Şəhidlərimizə, qazilərimizə borcludur. Ölkə başçısı cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib ki, 25 oktyabr tarixi də Qubadlı Şəhəri Günü kimi müəyyən olunub. Əminliklə deyə bilərik ki, qədirbilən xalqımız əbədi olaraq bu tarixləri böyük şərəf və qürurla qeyd edəcək, tariximizi yaşadacaqlar.
Vüsal Atayev;
Neftçala rayonu


