Bunu indiki cavanlar da bilər, “Möhtəşəm yüzil” serialı vardı, son bölümləri müsibət idi – sözün bütün mənalarında.
Türk xalqının böyük hissəsi 500 ildən sonra məhz o serialdan xəbər tutmuşdu ki, heç demə, Qanuni Sultan Süleyman kimi tanıdıqları, boyunu, huyunu sevdikləri hökmdar sırf hakkimiyyət intriqası üzündən iki şahzadə oğlunu kəndirlə boğdurub, onların oğul övladlarını, hamilə yoldaşlarını isə suda batırıb.
Ona qədər bunu yalnız tarixçilər və tarixsevərlər bilirmiş. Ola bilər, xalq da olub-keçənlərdən ümumi şəkildə, detallara varmadan xəbərdar olub. Amma şahzadələrə qarşı haqsızlıq, Hürrəm sultanın məkrli gedişləri, edam səhnələri serialda bütün reallığı və dəhşəti ilə əks olunduğundan xalq şoka düşdü. Hamı bir günün içində anladı ki, Qanuni xan o qədər də qanuni hərəkətlər etməyib, zövcə sözü ilə doğma oğullarını, körpə nəvələrini öldürdüb. (Hələ rejissorlar körpə şahzadələrin qətli epizodlarının üstündən keçdilər, yoxsa biabırçılıq olardı).
Hazırda Türkiyə ictimaiyyətində Sultan Süleymana münasibətin nə dərəcədə dəyişdiyi barədə təfsilat yoxdur. Amma serialdan qabaq onun xalq arasındakı obrazının müsbət olduğu dəqiqdir. Hətta 1000 il yaşadığı iddia edilən Süleyman (Solomon) peyğəmbərin adıyla bağlı olan məşhur kəlam türk folklorunda “Sultan Süleymana qalmayan dünya heç kimə qalmaz” şəklinə salınmışdı. Tez-tez onu “möhtəşəm sultan” adlandırırdılar.
Qoca Şərq isə indinin özündə də sübut edir ki, Hürrəm demişkən, Süliman o qədər də haqsız olmayıb. Neynəsin? Şahzadələr hakimiyyət uğrunda onsuz da bir-birini qıracaqdılar. Necə ki qırıblar. Ona görə də taxt-taca oturan şahzadənin ilk işi gələcək rəqiblərini – qardaşlarını aradan götürmək olub. Sonra bu ənənəyə son qoyulub. Sultan Əhməd qardaşlarını qətlə yetirməkdən vaz keçib, deyib, dövləti-aliyə bunsuz da sarsılmaz, inşallah.
Günümüzdə ölkəmizdə adi bir partiyanın sədrliyi üstündə gedən ailəiçi qırğın-qiyamətin mediaya sızan təfərrüatları göstərir ki, vəzifə məsələsi sıradan bir şey deyil. İşə baxın, Fəzail Ağamalı o boyda Sultan Süleymanı reabilitasiya etdi, onun öz övladlarına qarşı etdiyi qəddarlığı ideoloji baxımdan əsaslandırmış oldu.
“Şərq niyə belədir” sualı üzərində baş sındırsaq, gərək gedib Şarl Monteskyönun yazdıqlarını təzədən oxuyaq. Bəlkə də Təbəri və ya İbn Sina Şərqin niyə belə olduğunu daha yaxşı yazıb, bilmirəm.
Bildiyim odur ki, bu tərəflərdə ali vəzifə, yüksək mənsəb, böyük sərvət uğrunda qırğın daima olub, o cür davam edir, inşallah, gələcəkdə də eyni minvalla davam edəcək.
25 il öncə bir yazımda mərhum Əbülfəz Elçibəyin hakimiyyəti mərhum Heydər Əliyevə könüllü şəkildə ötürməsi barədə iddialara cavab olaraq yazmışdım ki, bu ölkədə qardaş-qardaşa İH nümayəndəliyi vəzifəsini könüllü vermir, qırğına çıxırlar, o da ola prezidentliyi kimsə kiməsə könüllü verə, inandırıcı deyil. Elə oldu ki, o yazıdan 1-2 həftə sonra Əbülfəz bəylə görüşdük, gülümsər çöhrə ilə, başını məmnunluqla bulaya-bulaya dedi ki, onu yaman yazmışdın, yaman yazmışdın o cümləni.
Onda tam əmin oldum ki, Elçibəy 2003-cü ilin iyununda hakimiyyəti bilə-bilə, könüllü şəkildə, öncədən sözləşmənin şərti olaraq verməyib. Nəsə başqa məsələlər olub və bunu onun yaxın silahdaşları daha yaxşı bilirlər. Bilirlər və demirlər, özləri ilə aparacaqlar.
Hakimiyyət məsələsi belə şeydir. Qardaş qardaşa buğa və ya “Buqatti” bağışlayar, amma bələdiyyə sədri vəzifəsini güzəştə getməz, bacı qardaşa böyrəyini verər, amma baş həkim vəzifəsini verməz. Belədir bu işlər. Maniakal azar(t)lar, şövqlər silsiləsindəndir.
Elçin Ağamalının birdən-birə “Ana Vətən” partiyasının sədri olmaq istəməsini isə ona bağlamaq olar ki, növbəti dəfə özü deputat olmaq istəyir, düşünür ki, ailənin parlamentdə bir bron mandatı var, gələn dəfə özü götürüb işlətməlidir.
Ta demir ki, onun bu üsyanının nəticəsi pis olacaq, gələn dəfə nə ona, nə də bacısına mandat verməyəcəklər, iş bitəcək.
O vaxt bəzi jurnalistlər çox hay-küy saldılar, üsyankarlıq etdilər, nəticədə onlar üçün tikilən 3-cü bina onlara verilmədi - fundamentinə qoyulan kapsulun içində yazılanlar hədər oldu.
Ona görə də təmkinli olmaq lazım idi. Ağsaqqal Fəzail müəllim bu işləri bilir, necə məsləhət görürdüsə, elə olmalıydı.