AZ

“Rusiyalı təbliğatçıdan sitat gətirməyin” – ABŞ maliyyə naziri

ABŞ maliyyə naziri Skott Bessent Rusiya prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitrievi “Rusiyanın təbliğatçısı” adlandırıb.

NOCOMMENT.az xəbər verir ki, Bessent bunu CBS News telekanalına müsahibəsində Dmitriyevin ABŞ sanksiyalarının Rusiya iqtisadiyyatına heç bir təsiri olmayacağına dair iddiasını şərh edərkən deyib.

“Siz gerçəkdənmi bir rus təbliğatçısının dediklərini dərc etməyə hazırlaşırsınız? O, başqa nə deyə bilər ki? Hər şey dəhşətli olacaq və bu, [Rusiya Prezidenti Vladimir] Putini danışıqlar masasına oturmağa məcbur edəcək?”, – Bessent sual edib.

Maliyyə nazirinin sözlərinə görə, indi Rusiyada “faktiki sıfır” artım və 20%-dən yuxarı inflyasiya ilə hərbi iqtisadiyyat qurulub. Bessent qeyd edib ki, Moskvanın neft gəlirləri ötən illə müqayisədə 20% azalıb və ABŞ-nin yeni sanksiyaları onların daha 20-30% azalmasına gətirib çıxara bilər.

“Prezident [Donald] Trampı guya heç nə etmədiyi üçün tənqid edirdilər. O, cəsarətli addım atır (sanksiyalar tətbiq edir – red.), siz isə rusiyalı təbliğatçıdan sitat gətirirsiniz”, – maliyyə naziri telekanalı qınayıb.

O, əmin edib ki, Vaşinqtonun Moskvaya təzyiqi son nəticədə Putini danışıqlara sövq edəcək.

“The Moscow Times” yazır ki, Birləşmiş Ştatlara səfərdən qayıdan Dmitriyev Putinin “yalnız konstruktiv və hörmətli dialoqun bəhrəsini verəcək” mövqeyini Vaşinqtona “çox aydın şəkildə” çatdırdığını bildirib. Onun sözlərinə görə, “Burevestnik” raketinin uğurlu sınaqları ilə bağlı məlumatları da Amerika tərəfinə çatdırıb.

Xatirə SADİQ

Seçilən
9
nocomment.az

1Mənbələr