Neftçala rayonunda 1990-cı il təvəllüdlü Aqil Sadıqov tənha yaşayan qadının evinə basqın etməkdə ittiham olunub.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə 26 noyabr 2023-cü ildə Bankə qəsəbəsində baş verib.
A.Sadıqov həmin gün saat 19:30 radələrində qaynanası Mehparə Əliyevanın qonşuluğunda tək yaşayan Dilşad Kəlbiyevanın həyətinə hasardan aşıb keçib.
Evə daxil olan Aqil əlindəki kustar üsulla düzəldilmiş mətbəx bıçağını nümayiş etdirib, qadını hədələyib. O, Dilşad Kəlbiyevanın yataq otağında döşəyin altında pul qabında saxladığı 800 manat pulunu alıb.
İstintaq orqanı tərəfindən Aqilin barəsində Cinayət Məcəlləsinin 181.2.3 (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə quldurluq törətmək) və 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq törətmək) maddələri ilə ittiham elan edilib.