(®) SOCAR və Coca-Cola şirkətinin nümayəndələri ölkədə sosial inkişaf və iqlim mövzularının müzakirəsinə dair görüş keçiriblər. Coca-Cola-nın İsmayıllıda açılan yeni zavodunda keçirilən görüşdə Coca-Cola İçecek Azərbaycan şirkətinin baş direktoru Rəna Məmmədova, Coca-Cola şirkətinin Avrasiya Regionu üzrə İctimaiyyətlə Əlaqələr və Kommunikasiya direktoru Elşad Fərzəliyev, SOCAR-ın Kommunikasiya məsələləri üzrə icraçı direktoru Aygün Hüseynova, Sosial Məsuliyyət departamentinin rəhbəri Əsəd Məmmədov, müavinləri və SOCAR könüllüləri iştirak ediblər.
Görüş zamanı Coca-Cola-nın baş direktoru Rəna Məmmədova şirkətin Azərbaycanda 30 illik fəaliyyəti müddətində önəmli uğurları, milli iqtisadiyyatdakı rolu, artan investisiyalar haqqında geniş məlumat verib. Həmçinin ölkədə xarici investorlar üçün yaradılan əlverişli biznes mühiti və bunun nəticəsi olaraq 2025-ci ilin iyun ayında Azərbaycan Prezidenti cənab İlham Əliyevin iştirakı ilə açılan Coca-Cola-nın ölkədə ikinci zavodu, bu müəssisənin regionların inkişafı və məşğulluğun artması üçün önəmini vurğuladı:
“Coca-Cola şirkəti Azərbaycanın qeyri-neft sektorunun ilk investorlarındandır. Ölkədə təmin edilən uğurlu investisiya mühiti nəticəsində milli iqtisadiyyata ümumilikdə 200 milyon ABŞ dollarından çox sərmayə yatırmışıq. Çox qürurverici haldır ki, Coca-Cola-nın Azərbaycanda ikinci istehsal müəssisənin açılışında Azərbaycan Prezidenti cənab İlham Əliyev şəxsən iştirak etmişdir”.
Coca-Cola şirkətinin Avrasiya üzrə Kommunikasiya direktoru Elşad Fərzəliyev isə şirkətin qlobal dayanıqlı inkişaf strategiyasının ölkədə necə icra olunduğu haqqında ətraflı məlumat vermişdir:
“Coca-Cola dünyanın aparıcı içki istehsalçısı olmaqla yanaşı, həmçinin fəaliyyətdə olduğu ölkələrin sosial və ekoloji problemlərinin həlli üçün müxtəlif layihələrə dəstək olur. Azərbaycandakı 30 illik fəaliyyətimiz müddətində dövlət qurumları və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq edərək, Dayanıqlılıq Strategiyamıza uyğun olaraq su resurslarının qorunması və bərpası, tullantıların azaldılması, qadın və gənclərin karyera inkişafı və sahibkarlıq təşəbbüsləri istiqamətində layihələrə dəstək olmuşuq”.
SOCAR nümayəndə heyəti də özünün ESG və Korporativ Sosial Məsuliyyət (CSR) strategiyalarından irəli gələrək həm ölkədə, həm də SOCAR-ın fəaliyyətdə olduğu digər regionlarda dəstək olduqları müxtəlif layihələr haqqında məlumat verdi.
Daha sonra SOCAR nümayəndə heyəti İsmayıllıdakı Coca-Cola zavodunda istehsal edilən məhsullar, istehsal prosesi, məhsulların istehsalında beynəlxalq keyfiyyət və təhlükəsizlik standartlarının təmin edilməsi sistemi ilə tanış olublar.
Xatırladaq ki, Coca-Cola 2025-ci ildə Azərbaycanda 30 illik yubileyini qeyd edib. Şirkət Azərbaycandakı fəaliyyətinə 1994-cü ildə Türkiyənin beynəlxalq içki istehsalı şirkəti olan “Coca-Cola İçecek”in tərkib hissəsi olaraq “Azerbaijan Coca-Cola Bottlers”ın yaradılması ilə başlayıb və o vaxtdan bəri “Coca-Cola”, “Fanta”, “Sprite”, “Bonaqua”, “Cappy” və “Fuse Tea” kimi məşhur sərinləşdirici içki markalarının istehsalı və satışı ilə məşğuldur.








