ABŞ lideri Şimali Koreya rəhbərinə açıq mesaj göndərib...
Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen In ilə növbəti dəfə görüşməyə hazır olduğunu bəyan edib. Tramp bu barədə Cənubi Koreyaya səfəri ərəfəsində jurnalistlərə açıqlama verib.
“Mən onunla (Kim Çen Inla) görüşmək istərdim... Əgər o da görüşmək istəsə, mən Cənubi Koreyada olacağam”, deyə Tramp bildirib.
Trampın bu bəyanatı Vaşinqton və Pxenyan arasında diplomatik əlaqələrin yenidən canlandırılması istiqamətində mümkün siqnal kimi qiymətləndirilir. Analitiklərin fikrincə, Tramp administrasiyası Koreya yarımadasında gərginliyi azaltmaq və nüvə danışıqlarını yenidən gündəmə gətirmək istəyir.
Xatırladaq ki, Tramp və Kim Çen In 2018–2019-cu illərdə üç dəfə görüşərək tarixi diplomatik dialoqa start vermişdilər. Lakin 2019-cu ildə Hanoyda keçirilən sammitin uğursuzluğundan sonra danışıqlar praktiki olaraq dayanmışdı.
Ekspertlər hesab edirlər ki, Trampın yeni təklifi Şimali Koreyanın son aylarda artan raket sınaqlarına və hərbi ritorikasına cavab olaraq diplomatik kanalların yenidən açılması cəhdidir. ABŞ rəhbərliyinin bu addımı həm də Çin və Cənubi Koreya ilə regional sabitlik məsələlərini koordinasiya etmək məqsədi daşıya bilər.
Poliqon.info