AZ

Sovet İttifaqı Qəhrəmanı olan almanlar - onların qohumları sürgün edilib

Bir vaxtlar II Yekaterina imperiyada zəif inkişaf etmiş sahələrin inkişafı üçün bilik və bacarıqları yüksək olan almanları xüsusi olaraq Rusiyaya gətirib. Oktyabr inqilabı baş verəndə Rusiyada almanların sayı artıq bir milyon nəfərə yaxınlaşıb. Onlar imperiyanın inkişafına töhfə verməklə yanaşı, öz millətindən olanlara qarşı vuruşublar.

Hakimiyyəti zorla ələ keçirən bolşeviklər almanların ən çox yaşadığı ərazidə onlar üçün ayrıca respublika yaratmağa qərar veriblər. Beləliklə, 1918-ci ildə Volqa Almanları Muxtar Sovet Sosialist Respublikası yaradılıb. Bura təkcə almanların deyil, alman dilini sevən şəxslərin də evi olub. 1941-ci ilə qədər Sovet İttifaqında bu şəxslərə qarşı heç bir şikayət olmayıb. Onlar bolşevik partiyasına qəbul edilərək rəhbər vəzifələrə təyin ediliblər.

alm-1.jpeg

Müharibənin lap əvvəlində Xalq Daxili İşlər Komissarlığı (XDİK -ruscada NKVD) onların guya sədaqətini sınamaq qərarına gəlib. Volqa almanlarından da cəlb edilmiş bir neçə diversant qrupu qarşı tərəfə göndərilib. Halbuki əsas məqsəd onların əmlakını və qiymətli əşyalarını ələ keçirmək olub. Uzun zaman bolşevikləri izləyən bir çox alman “qırmızıların” planını hiss ediblər. Çünki muxtar ərazidə yaşayan bütün insanların Uraldan kənara köçürülməsinə dair qərar qəbul edilib. Özü də onlara yığışmaq üçün cəmi 24 saat vaxt verilib. Sonradan bu müddət azaldılıb, almanların çoxunun topladığı ərzaq və mal-qara maşınlarına yüklənərək digər əraziyə, yerli əhalinin özləri isə Qazaxıstan, Sibir və Altaya göndərilib.

Orada onlar üçün əmək düşərgələri yaradılıb. Üç yaşınadək uşağı olan qadınlardan başqa hamı minimum yeməklə, ən ağır işləri görərək, ödənişsiz işləməyə məcbur edilib. Təbii ki, yerli sakinlər almanlara nifrət ediblər.

alm-3.jpeg

Buna baxmayaraq, almanların əksəriyyəti sovet rejiminə tam sadiq olub və hətta cəbhəyə könüllü getməyə çalışıb. Amma qəti əmrdə deyilib - “heç bir halda onları cəbhəyə götürmək olmaz”. Üstəlik, müharibədən əvvəl könüllü olaraq hərbi xidmətə gedənlər ordudan tərxis olunub və sürgündə ailələrinin yanına qayıtmaq əmri verilib. Etnik almanlar yalnız 1941-ci ilin payızında ordu sıralarından geri çağırılıblar, lakin bundan əvvəl onlar təqdirəlayiq şəkildə döyüşüb, hətta qəhrəmanlıq göstəriblər. Ümumilikdə, 1941-ci ildə SSRİ ordusunun sıralarında 64.644 etnik alman olub: 3 178 zabit, 8 351 çavuş və ya baş çavuş, 53 115 sıravi əsgər.

Brest qalasının müdafiəçiləri arasında qəhrəmanlar kimi döyüşən almanlar da olub və onların adları məşhurdur. Nikolay Franseviç Qastello da alman idi, ancaq Moskvadan. Nasist Almaniyası SSRİ-yə müharibə elan etdikdən dörd gün sonra təyyarəsi vurulub və Qastello təyyarəsini çoxlu zirehli texnikanın olduğu alman kolonuna çırpıb. Sovet İttifaqı Qəhrəmanı adını ilk alanlardan biri məhz o olub.

alm-4.jpeg

Müharibə zamanı bu adı yalnız 10 alman alıb. Pilot general-mayor Aleksandr Vladimiroviç Borman komandirin müavini kimi ölkənin hava hücumundan müdafiəsinə komandanlıq edib, Stalinqradda, Qafqazda döyüşüb, Avropa şəhərlərini azad edib. Bir çox almanlar cəbhəyə qoşulmaq üçün soyadlarını rus soyadlarına dəyişiblər.

Rus yazıçısı, ictimai xadim, Sosialist Əməyi Qəhrəmanı (1974), Lenin mükafatı və 6 dəfə SSRİ dövlət mükafatı laureatı Konstantin Simonov Hofman adlı şəxs haqqında yazıb. Hofman Volqaboyu bölgədən olub və almanların ordudan çıxarılması əmri gələndə komandiri ona kömək edib. Hofman kəşfiyyatda xidmət edib və 3 dəfə “İgidliyə görə” medalı olub. Daha sonra tərcüməçi kimi ordu kəşfiyyatına qoşulub.

alm-5.jpeg

Natalya Fedorovna Meklin aviasiya alayında baş pilot kimi bütün müharibəni havada keçirib. Sovet İttifaqı Qəhrəmanı adını qazanan pilot 840 döyüş uçuşu həyata keçirib. Bütün hallarda almanlar yaşadığı ərazini hakimiyyətdəki insanların baxışından asılı olmayaraq vicdanla və canları bahasına qoruyublar. Bu günə qədər Volqa almanları II dünya müharibəsi illərində nəinki arxa cəbhə işçisi kimi tanınmayıb, hətta çəkdikləri əziyyətə görə onlardan üzr də istənilməyib.

İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün

Seçilən
55
musavat.com

1Mənbələr