İlin əvvəlindən bəri təkcə Özbəkistanda günəş və külək elektrik stansiyaları 9 milyard kVt/saat enerji istehsal edib. Su elektrik stansiyaları da daxil olmaqla, bu rəqəm 14,52 milyard kVt/saata çatıb. Beləliklə, ümumi istehsalda "yaşıl" enerjinin payı 23 faizə yüksəlib.
Hafta.az-ın yazdığına görə, Özbəkistan Energetika Nazirliyinin ötən həftə yaydığı məlumatda deyilir ki, ilin əvvəlindən bəri Özbəkistanda günəş və külək elektrik stansiyaları 9 milyard kilovat-saat elektrik enerjisi istehsal edib. Bir aydan bir az müddətdə artım 1 milyard kVt/saat təşkil edib.
Hazırda ölkədə ümumi gücü 4682 MVt olan 12 günəş fotovoltaik və 5 külək elektrik stansiyası fəaliyyət göstərir.
Onların fəaliyyəti sayəsində ilin əvvəlindən bəri 2,73 milyard kubmetr təbii qaz qənaət edildiyi və 4 milyon ton zərərli tullantıların qarşısının alındığı təxmin edilir.
22 oktyabr tarixi etibarilə Özbəkistandakı bütün su elektrik stansiyaları, günəş və külək elektrik stansiyaları 14,52 milyard kVt/saat elektrik enerjisi istehsal edib. Bu o deməkdir ki, ümumi istehsalda “yaşıl” enerjinin payı 23 faizdir.
İyul ayında bu rəqəm 20,3 faiz təşkil edib.
Energetika Nazirliyi qeyd edib ki, “Bu enerji miqdarı 7,5 milyon ev təsərrüfatının 10 aylıq ehtiyacına və ya 6 milyon ev təsərrüfatının illik istehlakına bərabərdir”.
Ötən il Prezident Şavkat Mirziyoyev bildirib ki, 2030-cu ilə qədər Özbəkistanda ümumi istehsalda "yaşıl" enerjinin payı 54 faizə çatmalıdır.