Belə bir şəraitdə Ermənistan və Azərbaycan ərazisindən qarşılıqlı tranzit yol kimi istifadə normaldır
“Biz ilk dəfə olaraq Ermənistanın büdcəsini Azərbaycanla qurulmuş sülh şəraitində müzakirə edirik”.
Bu barədə Baş nazir Nikol Paşinyan parlamentdə büdcə dinləmələrində bildirib.
Paşinyan qeyd edib ki, Ermənistan bu gündən etibarən yük maşınlarının Türkiyədən Azərbaycana, Azərbaycandan Türkiyəyə Marqara-Yexeqnadzor-Sisian-Qoris marşrutu ilə tranzitini təmin etməyə hazırdır.
“Hazırda bu, Ermənistan tərəfinin həyata keçirə biləcəyi yeganə variantdır”, - Baş nazir əlavə edib.
Qeyd edək ki, Ermənistanın bu addımı regionda iqtisadi əməkdaşlığın və kommunikasiyaların açılmasına yönəlmiş praktiki addım kimi qiymətləndirilir. Ümumilikdə bu təşəbbüs sülh prosesinə və Cənubi Qafqazda dayanıqlı sabitliyin formalaşmasına müsbət təsir göstərə bilər. Eyni zamanda, bu tranzit marşrutun işə düşməsi həm Ermənistan, həm də Azərbaycan üçün yeni iqtisadi imkanlar yarada bilər.
"Müasir İnkişaf" İctimai Birliyinin sədri Mübariz Göyüşlü Sherg.az-a deyib ki, bu prosesi, yəni istər Azərbaycan ərazisinin tranzit kimi istifadə olunmasını, istərsə də müxtəlif ölkələrdən yüklərin ölkəmizdən keçib Ermənistana, daşınması məsələsini, ümumilikdə müsbət qiymətləndirir:

"Biz əbədi olaraq düşmən ola bilməzdik. Müharibə artıq başa çatıb və hazırda sülh sazişinin imzalanması mərhələsindəyik. Sazişin paraflanması istiqamətində müxtəlif səviyyələrdə danışıqlar, görüşlər və müzakirələr aparılır. Yəqin ki, gələn il sülh sazişinin imzalanması perspektivini real şəkildə görə biləcəyik. Belə bir şəraitdə Ermənistan və Azərbaycan ərazisindən qarşılıqlı şəkildə tranzit yol kimi istifadə olunması tamamilə normal haldır. Bu cür iqtisadi və logistik əməkdaşlıq münasibətlərin tənzimlənməsini, qarşılıqlı etimadın formalaşmasını və sülh sazişinin imzalanmasına aparan prosesi daha da asanlaşdıracaq. Həmin istiqamətdə bəzi məsələlər, xüsusən də Ermənistan tərəfinin konstitusiya dəyişikliklərinə dair öhdəlikləri hələ yerinə yetirilməyib. Bu, hələ də mühüm problem olaraq qalır. Lakin çox güman ki, gələn il Ermənistan bu istiqamətdə müəyyən irəliləyişlər əldə edəcək. Əgər Ermənistan Türkiyənin irəli sürdüyü şərtləri qəbul edərsə və regional əməkdaşlıqda Ankaranın yanında yer alarsa, bundan özü də ciddi fayda qazanacaq. Ümumilikdə, Ermənistan ərazisinin tranzit marşrut kimi istifadəsi həm onun üçün iqtisadi baxımdan faydalı nəticələr doğuracaq, həm də regionda dayanıqlı sülhün və sabitliyin möhkəmlənməsinə xidmət edəcək".