Azərbaycanla 369 kilometr sərhədi olan İranın Ərdəbil vilayəti qeyri-neft ixracı və sərhədyanı ticarəti inkişaf etdirmək üçün misilsiz potensiala malikdir. Həm yerli. Həm də ölkə səviyyəli rəsmilər bu bölgəni İranın şimal-qərbinin ixrac mərkəzinə çevirmək üçün sərhəd infrastrukturunun inkişafına diqqət yetirirlər.
Hafta.az-ın yazdığına görə, İRNA-da yayımlanan reportajda bildirilir ki, Azərbaycanla ortaq sərhədləri olan Ərdəbil vilayəti uzun müddətdir İran və Qafqaz ölkələri arasında mühüm rabitə və ticarət yollarından biri olub. Eyni zamanda, Ərdəbil vilayətinin şimalındakı Biləsuvar gömrüyü də keçmişdə ticarət karvanlarının keçdiyi və sərhədin hər iki tərəfindəki insanlar arasında mal mübadiləsi məntəqəsi kimi tanınıb.
1970-1990-cı illərdə Ərdəbilin sərhəd ticarəti ənənəvi olaraq yerli bazarlar, ərzaq, geyim və sənətkarlıq ticarəti formasında həyata keçirilirdi. Bölgə əhalisi sərhəd bölgəsi pasportlarından yararlanaraq kiçik və ailəvi ticarətlə məşğul olurdu ki, bu da onların güzəranında mühüm rol oynayıb.
2000-ci illərdən başlayaraq Biləsuvar gömrüyünün inkişafı, sərhəd terminallarının tikintisi, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi ilə Ərdəbilin sərhəd ticarəti yeni mərhələyə qədəm qoyub, kənd təsərrüfatı məhsulları, tikinti materialları, süd məhsulları, sənaye avadanlıqlarının Azərbaycana ixracı artıb, Ərdəbil ölkənin qeyri-rəsmi ixrac marşrutlarından birinə çevrilib.

İqtisadi göstəricilərə görə ölkənin zəif əyalətlərindən biri olmasına baxmayaraq, Ərdəbil vilayəti çox yaxşı investisiya imkanlarına malikdir; Qafqaz və Avrasiyaya qonşu olan kənd təsərrüfatı, turizm və sənaye sektorlarında sərmayə qoyuluşu imkanları investorlar üçün yaxşı fürsətdir.
Vilayətin fəal sərhəd terminalı kimi Biləsuvar gömrüyü kənd təsərrüfatı, sənaye və heyvandarlıq məhsullarının ixracında əsas rol oynayır. Bu gömrük öz infrastrukturunu inkişaf etdirərək yüksək həcmdə ticarət mübadiləsini qəbul etməyə hazırdır. Bu ilin 6 ayında Biləsuvar sərhəd terminalından ötən ilin müvafiq dövrü ilə müqayisədə üç faiz artımla 386328 ton mal və yük ixrac edilib.
Mərkəzi Biləsuvarda yerləşən Ərdəbil Sənaye Xüsusi İqtisadi Zonası xarici və daxili investisiyaların cəlb olunması, qonşu ölkələrə ixracın asanlaşdırılması məqsədilə inkişaf etdirilir və İranın Qafqazda ixrac mərkəzinə çevrilə bilər.
Gömrük statistikasına görə, Biləsuvar sərhədindən hər il milyonlarla dollarlıq mal ixrac edilir ki, bu ticarət əyalətdə birbaşa və dolayı yolla məşğulluq yaratmaqla yanaşı, emal, qablaşdırma və daşıma sənayesinin inkişafına da öz töhfəsini verib.

Sərhəd diplomatiyası yük tranzitinin aktivləşdirilməsi, yüklərin rəsmiləşdirilməsinin asanlaşdırılması və beynəlxalq daşımaların inkişafı məqsədilə Azərbaycan tərəfi ilə keçirilən birgə görüşlərdə aktivləşdirilib. Ərdəbil valisi də Azərbaycana səfəri zamanı sərhəd imkanları və ondan iqtisadi istifadənin zəruriliyi məsələsini qaldırıb.
Hazırda məsləhətləşmələr davam edir və yaxın gələcəkdə Azərbaycan rəsmilərinin Biləsuvarda iştirakı ilə iki tərəf arasında sərhəd ticarətinin qurulması, xüsusilə də sərhəddə yerləşən Azadlu kəndində danışıqlar davam etdiriləcək.
Nəqliyyat infrastrukturunun inkişafı sahəsində Ərdəbildən Azərbaycana ixrac marşrutunun daha intensiv olması üçün dəmir yolunun çəkilməsi, gömrüklərin təchiz edilməsi, nəqliyyat marşrutlarının təkmilləşdirilməsi planları həyata keçirilir və tamamlanır.
Son illər Ərdəbil və Azərbaycan rəsmiləri arasında nəqliyyatın asanlaşdırılması, tariflərin aşağı salınması, regional ticarətin inkişafı məqsədilə birgə görüşlər keçirilib, bu əməkdaşlığın davam etdirilməsi iki ölkə arasında mübadilələrin həcminin artmasına və iqtisadi əlaqələrin genişlənməsinə zəmin yaradıb.
Emal və bir-birini tamamlayan sənaye sahələrinə sərmayələrin cəlb edilməsi Ərdəbil vilayətinin idarəçilərinin ciddi məşğul olduqları başqa bir məsələdir. Kənd təsərrüfatı və mineral məhsulların dəyər zəncirini tamamlamaq məqsədilə hökumət yerli və xarici investorlar üçün xüsusi imkanları nəzərdən keçirib.