AZ

“Saab” Ukraynada “Gripen” qırıcıları üçün son montaj zavodu açmağı planlaşdırır

İsveçin “Saab” şirkəti Ukraynada “Gripen” qırıcıları üçün son montaj zavodu açmağı planlaşdırır.

“Poliqon” xəbər verir ki, bunu “Financial Times” qəzetinə müsahibəsində “Saab”ın baş direktoru Mikael Johansson deyib.

O bildirib ki, İsveç və Ukrayna arasında gələcəkdə 100–150 ədəd “Gripen”in tədarükü ilə bağlı imzalanan niyyət məktubu, bu təyyarələrin istehsalına olan tələbatı ikiqat artıracaq.

“Saab”ın Braziliyada illik təxminən 20-30 ədəd “Gripen”in istehsalına sərmayə qoyduğunu xatırladan M.Johansson, şirkətin burada və bir sıra digər ölkələrdə istehsal gücünü artırmağa çalışacağını qeyd edib.

“Saab” hesab edir ki, Ukrayna ilə imzalanan müqavilə “Gripen”in satışında böyük bir təşviq olacaq.

Xatırladaq ki, yaxın günlərdə İsveçin Baş naziri Ulf Kristersson və Ukrayna Prezidenti Volodimir Zelenski hava imkanları sahəsində əməkdaşlığa dair niyyət məktubu imzalayıblar. Stokholm və Kiyev arasında imzalanan bu sənəd gələcəkdə böyük həcmli ixrac müqaviləsinin ilk addımı hesab olunur.

Sözügedən sənədlə İsveç Ukrayna Hərbi Hava Qüvvələrinin gələcək inkişafını dəstəkləyir. Belə ki, yeni İsveç-Ukrayna əməkdaşlığı hava döyüşü və müdafiəsi, eləcə də bu sahədə qabaqcıl imkanlardan, məsələn, qırıcı təyyarələrdən istifadə üzrə təcrübə və bilik mübadiləsini əhatə edir.

Eyni zamanda, bu niyyət məktubu Ukrayna HHQ üçün 100-150 ədəd “Gripen” qırıcısının tədarükünü əhatə edən böyük ixrac razılaşmasına doğru da bir addımdır.

Seçilən
38
poliqon.az

1Mənbələr