AZ

ABŞ-Çin Ticarət Sazişi: Tramp-Si görüşündən əvvəl çərçivə razılaşması əldə olunub  

Pekin qabaqcıl texnologiya üçün vacib olan nadir torpaq metallarının ixracına daha sərt məhdudiyyətlər qoymaq qərarına gəlib. Buna cavab olaraq Tramp Çin idxalına əlavə tariflər tətbiq etməklə hədələyib.

Bazar günü hər iki tərəfin rəsmiləri ABŞ və Çin ticarət sazişi üçün ilkin çərçivə barədə razılığa gəliblər. Bu, Kuala Lumpurda keçirilən Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) sammitində danışıqlar zamanı baş verib. ABŞ Prezidenti Donald Tramp və Çin lideri Si Cinpin cümə axşamı günü Trampın Asiya turunun son dayanacağı olan Cənubi Koreyada keçiriləcək mühüm görüşdə razılaşmanı yekunlaşdırmağa ümid edirlər.

Səfərin məqsədi investisiya sazişləri və sülh səyləri üzərində işləməkdir. Amerika lideri Malayziyaya, daha sonra Yaponiyaya və Cənubi Koreyaya səfər edəcək.

Dünyanın ən böyük iki iqtisadiyyatı arasında gərginlik yüksək olaraq qalır. Pekin bu yaxınlarda qabaqcıl texnologiyalar üçün vacib olan nadir torpaq metallarının ixracına daha sərt məhdudiyyətlər qoymaq qərarına gəlib.

Buna cavab olaraq Tramp Çin idxalına əlavə tariflər tətbiq etməklə hədələyib.

ABŞ maliyyə naziri Skott Bessent razılaşmanı "çox uğurlu" adlandırıb və bildirib ki, bu, Trampın tariflərini noyabrın 1-da ləğv edə bilər, Çin isə məhdudiyyətlərin tətbiqini bir il təxirə salacaq.

Çin rəsmiləri təfərrüatlar barədə məlumat verməyib.

Tramp həmçinin razılaşmanın tezliklə əldə olunacağına əminliyini ifadə edərək, həm Çinin, həm də ABŞ-nin "razılaşma əldə etmək istədiyini" bildirib.

Amerika lideri gələcəkdə Çinə səfər etmək planlarını təsdiqləyib və Si Cinpini Vaşinqtona və ya Trampın Floridadakı şəxsi klubu olan Mar-a-Laqoya dəvət edib.

Bu arada DonaldTramp Tailand və Kamboca arasında "tarixi" sülh sazişinə başçılıq edib. Keçənilki sərhəd mübahisələrindən sonra Tailand və Kamboca ABŞ Prezidentinin sədrliyi ilə atəşkəs sazişi imzalayıblar və o, tədbiri "tarixi" adlandırıb.

Sazişin ilkin mərhələsinin bir hissəsi olaraq, Tailand Kamboca məhbuslarını azad edəcək və Kamboca ağır artilleriyasını geri çəkməyə başlayacaq. Regional müşahidəçilər hərbi əməliyyatların yenidən başlamasının qarşısını almaq üçün vəziyyəti izləyəcəklər.

"Çoxlarının yerinə yetirilə bilməyəcəyini dediyi bir şeyi etdik", - deyə Tramp bildirib. Kambocanın Baş naziri Hun Mane bunu "tarixi gün" adlandırıb, Tailandın Baş naziri Anutin Çarnvirakul isə sazişin "davamlı sülh üçün təməl daşlar" yaratdığını qeyd edib.

Mərasim Trampın Kuala Lumpurda keçirilən Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının illik sammitinə gəldikdən bəri ilk tədbiri idi. Yaponiya və Cənubi Koreyaya səfərləri və Çin lideri Si Cinpin ilə mümkün görüşü də əhatə edən bu səfər Trampa sövdələşmələr bağlayan və sülh sazişləri imzalayan beynəlxalq bir fiqur kimi nüfuzunu möhkəmləndirmək imkanı verir. 

Prezident Kamboca, Tailand və Malayziya ilə iqtisadi sazişlər imzalayıb ki, bunların bəziləri vacib minerallarla ticarəti genişləndirməyi hədəfləyir.

ABŞ Ticarət Nümayəndəsi Ceymison Qrin bildirib ki, "əsl tərəfdaşlar kimi birlikdə işləməyimiz çox vacibdir. Bu, təchizat zəncirlərinin rahat işləməsini, xalqımızın həyat keyfiyyətini və təhlükəsizliyini təmin etməkdir".

Rizvan CƏFƏROV,

“Azərbaycan”

Seçilən
14
azerbaijan-news.az

1Mənbələr