CBC TV Azerbaijan telekanalında yayımlanan verilişdə çıxışı zamanı Vətəndaşların Sosial Rifahı Naminə İctimai Birliyinin sədri İradə Rizazadə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin İrəvanda keçirilən görüşündən və sülh dialoqunun əhəmiyyətindən danışıb.
QHT sədri bildirib ki, bu cür təşəbbüslər postmünaqişə dövründə xalqlar arasında qarşılıqlı etimadın və anlayışın formalaşması üçün mühüm addımdır:
“Biz uzun illər bir-birimizdən uzaq düşmüş xalqlarıq. İndi məqsədimiz nifrəti deyil, anlayışı və empatiyanı gücləndirməkdir. Sülh təkcə sənədlərlə deyil, insanların qəlbində bərqərar olmalıdır. Sülh prosesi yalnız siyasi və diplomatik səviyyədə deyil, vətəndaş cəmiyyəti, gənclər və sosial qruplar səviyyəsində də dəstəklənməlidir. İrəvanda keçirilən görüşlər göstərdi ki, tərəflər dialoqa açıqdır. Bu, yeni mərhələnin başlanğıcıdır və biz bu prosesin davamlı olması üçün çalışmalıyıq.”
Sədr sonda qeyd edib ki, rəhbərlik etdiyi ictimai birlik Azərbaycan və Ermənistan gəncləri arasında sülh, əməkdaşlıq və humanitar layihələrin təşviqinə yönəlmiş yeni təşəbbüslər üzərində işləyir.
Pərvanə Fərhadqızı