İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) əməkdaşlarının peşəkar inkişafının dəstəklənməsi, xidmətdə səmərəliliyin artırılması və effektiv kommunikasiya bacarıqlarının təkmilləşdirilməsi məqsədilə “Nitq mədəniyyəti və effektiv ünsiyyət” mövzusunda iki günlük təlim təşkil olunub.
Bakıda və Şamaxıda rayonunda yerləşən Tədris Mərkəzində təşkil olunan təlimlərdə Vergi ödəyicilərinə xidmət idarəsinin paytaxtda və ərazi vergi orqanlarında fəaliyyət göstərən əməkdaşları iştirak ediblər. Təlimi Dövlət Vergi Xidmətinin Media və kommunikasiya idarəsinin əməkdaşı Günel Bəhramqızı keçib.
Təlim müddətində iştirakçılarla ödəyicilərlə effektiv ünsiyyətin qurulması, etik davranış normaları, xidmət mədəniyyəti və vergi ödəyicisinin məmnuniyyətinin təmin olunması istiqamətində əsas bilik və bacarıqlar müzakirə olunub. Həmçinin nitq mədəniyyətinin əsas prinsipləri, emosional zəka və dinləmə bacarıqları, bədən dili və təmsilçi davranışı kimi mövzular da praktiki nümunələr əsasında təhlil edilib.
Təlim interaktiv şəkildə keçirilib, iştirakçılarla birgə situasiyaların müzakirəsi və real xidmət vəziyyətlərinə dair praktiki tapşırıqlar icra olunub.
Qeyd edək ki, Dövlət Vergi Xidməti əməkdaşlarının təlim ehtiyaclarının qarşılanması, bilik və bacarıqlarının daim inkişaf etdirilməsi və fasiləsiz peşəkar inkişaf prosesinin təmin olunması məqsədilə mütəmadi olaraq müxtəlif istiqamətlərdə təlim və seminarlar təşkil edir.