AZ

Tuluz-Bordo sürətli qatar yolu: layihənin əleyhdarları əsl ictimai sorğunun aparılmasını tələb edirlər

Paris, 27 oktyabr, AZƏRTAC

Tuluz-Bordo (Toulouse-Bordeaux) sürətli qatar xətti layihəsi üzrə yeni mərhələyə start verilib. Bu gündən etibarən layihənin ilk ekoloji icazəsi ilə bağlı ictimai onlayn məsləhətləşmə başlayıb. Bu mərhələ bir ay davam edəcək və ictimaiyyətin rəyini öyrənmək məqsədi daşıyır.

AZƏRTAC xəbər verir ki, layihənin əleyhdarları bir neçə ekoloji və vətəndaş təşkilatının tərkibində birləşərək, onlayn məsləhətləşməni yetərsiz hesab edirlər. Onların fikrincə, bu üsul Fransa “Ətraf Mühit Məcəlləsi”nin tələblərinə cavab vermir. Onlar canlı keçirilən əsl ictimai sorğunun aparılmasını, yəni müstəqil komissarların iştirakını və bələdiyyə binalarında ictimai qəbulların təşkil olunmasını tələb edirlər. Əks halda, inzibati məhkəməyə müraciət edəcəklərini bildiriblər.

“LGV Toulouse–Bordeaux” dəmir yol xəttinin tikintisinə 2024-cü ildə, iki metropol ətrafında ilkin işlərlə başlanılıb. Layihə tam başa çatdıqdan sonra Tuluz və Paris arasındakı məsafə 3 saat 10 dəqiqəyə enəcək. Bu böyük infrastruktur layihəsi bölgənin nəqliyyat əlaqələrini gücləndirməyi, eyni zamanda, ekoloji və iqtisadi təsirləri balanslaşdırmağı hədəfləyir. Lakin mübahisələr hələlik səngimək bilmir.

Seçilən
75
1
azertag.az

2Mənbələr