AZ

Alper Gezeravcı: Türk dünyasının gəncləri gələcəyi formalaşdıracaq

Bakı, 27 oktyabr, AZƏRTAC

Oktyabrın 27-də Bakıda Yunus Əmrə İnstitutunda Türkiyənin ilk astronavtı, hərbi pilot Alper Gezeravcı ilə tələbələrin görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşün əsas məqsədi gəncləri kosmos sahəsində maarifləndirmək, onların bu sahəyə marağını artırmaq və gələcəkdə karyera seçimlərinə istiqamət vermək olub.

Tədbirdə çıxış edən Yunus Əmrə İnstitutunun koordinatoru Gökhan Seyhan bildirib ki, bu gün yalnız bir qonağı deyil, eyni zamanda bir ilham mənbəyi ilə görüşürük: “Səmaya baxan bir uşağın, bir alim olmaq arzusu ilə yol gedən bir insanın hekayəsi bizimlə bölüşülür. Bu ümid Türkiyədən Azərbaycana, buradan isə bütün Türk dünyasına yayılır. Biz Yunus Əmrə İnstitutu olaraq bu ümidi böyütmək üçün varıq”.

Gökhan Seyhan gənclərə müraciətlə deyib: “Türk dilini sevərək öyrənməyinizi, mədəniyyətinizi tanıyaraq öz arzularınızın dalınca getməyinizi istəyirik. Çünki biz bilirik ki, gələcəyi dəyişdirəcək olan sizsiniz. Bu gün burada gördüyünüz hər bir ulduz əslində bir həyatı təmsil edir. Kim bilir, bəlkə bir gün o ulduzlardan birinə siz toxunacaqsınız”.

Türkiyənin ilk astronavtı çıxışında bildirib ki, son 19 ay ərzində 224 şəhərdə 503 proqram həyata keçirilib. Bu səfərlərin məqsədi sadəcə ziyarət və ya təqdimat deyil, gələcəyin təminatı olan gənclərlə birbaşa ünsiyyət qurmaqdır: “Bu qədər qısa müddətdə çox sayda görüş keçirməyimizin səbəbi sizə bir lütf göstərmək deyil. Bu, bizim borcumuzdur. Çünki Türkiyə yalnız öz ölkəsindəki uşaqlara deyil, qardaş coğrafiyalardakı gənclərə görə də məsuliyyət hissi daşıyır”.

Astronavt çıxışında Türkiyənin Milli Kosmos Proqramından da danışıb. O qeyd edib ki, 2021-ci ilin fevralında ictimaiyyətə təqdim olunan proqram çərçivəsində 10 əsas məqsəd müəyyən olunub.

“Həmin ildə və 2024-cü ildə bu hədəflərdən ikisi reallaşdırılıb. Yerli və milli rabitə peykimizin kosmosa göndərilməsi ilə proqramın ikinci mərhələsini uğurla başa vurduq. Qalan istiqamətlər üzrə hazırlıqlar davam edir”, – deyə o əlavə edib.

Alper Gezeravcı, həmçinin Türkiyə ilə Azərbaycan arasındakı sarsılmaz qardaşlıq bağlarına toxunub: “Biz birlikdə sevinən, birlikdə kədərlənən bir millətik. Azərbaycan harada uğur qazanırsa, bu, Türkiyənin də qürurudur. Eyni şəkildə, Türkiyədə əldə olunan nailiyyətlər Azərbaycan qardaşlarımızın sinəsini fəxrlə doldurur. Azərbaycan hazırda təkcə ölkə daxilində deyil, beynəlxalq səviyyədə kosmik xidmətlər təqdim edir. Bu bizi çox sevindirir”.

Alper Gezeravcı çıxışının sonunda vurğulayıb ki, türk və azərbaycanlı gənclər yüksək intellekt və praktik düşüncə qabiliyyətinə malikdirlər: “Biz bu sahədə heç də təvazökar ola bilmərik. Dünyanın inkişaf etmiş ölkələrinin uşaqlarından heç bir fərqimiz yoxdur. Tarix boyu qarşılaşdığımız saysız-hesabsız hadisələr bizdə elə bir praktik düşüncə formalaşdırıb ki, bu, artıq xalqımızın təbiətinə çevrilib. Bu missiyanı icra edərkən də həmin düşüncə çevikliyinin, zəkamızın və iradəmizin gücünü bir daha hiss etdim”.

Astronavt gənclərə kosmik həyatın reallıqları, missiyaya hazırlıq mərhələləri, çəkisizlik şəraitində baş verən dəyişikliklər və onun insan psixologiyasına təsiri haqqında ətraflı məlumat verib.

Tədbirdə Azərbaycan Aviasiya Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Azərbaycan Dillər Universitetinin tələbələri, “Evrika” liseyinin şagirdləri iştirak ediblər.

Görüş sual-cavab sessiyası ilə davam edib.

Xatırladaq ki, ilk türk astronavt Alper Gezeravcının 2024-cü il yanvarın 19-da kosmosa səyahəti başlayıb. O, Beynəlxalq Kosmik Stansiyada 22 gün qalıb və 13 fərqli elmi təcrübədə iştirak edib. Mikroqravitasiya və kosmik mühitlərdə aparılan bu araşdırmalar insan genetikası və sağlamlığı, biologiya, materialşünaslıq, istehsal texnologiyaları, fundamental elmlər sahələrini əhatə edib.

ABŞ-ın Florida ştatından Beynəlxalq Kosmik Stansiyaya yola düşən “Ax-3” heyətinə türk astronavtla yanaşı, missiyanın rəhbəri ispaniyalı astronavt Michael Lopez-Alegria, İtaliya Hərbi Hava Qüvvələrinin pilotu Valter Villadei və Avropa Kosmik Agentliyi adından isveçli kosmonavt Markus Vandt daxil olub.

Seçilən
24
2
azertag.az

3Mənbələr