Amerika Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə görüşmək məsələsinə aydınlıq gətirib. O qeyd edib ki, yalnız görüş Ukraynada sülh sazişlərinin imzalanmasına real zəmin yaratsa razılaşar.
Mövzu ilə bağlı Redaktor.az-a danışan Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat xidmətinin rəhbəri Əziz Əlibəylinin fikrincə, Amerika-Rusiya görüşü getdikcə üfüqdən uzaqlaşır.
"Çünki Amerika Rusiyanı ittiham edir ki, hər görüşdən sonra o, sülhə zərbə vurur. Rusiyanın heç vaxt götürdüyü öhdəlikləri icra etməməsi kimi yanaşmalar var. Amma görünən də odur ki, artıq ABŞ Rusiyadan bezib.
ABŞ-nin fokuslandığı ölkə isə Çindir. ASEAN sammitinin ayın 31-nə qədər davam edəcəyi günlərdə Rusiya ilə Ukrayna arasındakı müharibənin çox kəskin fazaya daxil olacağını da görəcəyik. Çünki Amerikanın Çin qarşısında çox güclü şəkildə irəlilədiyi müşahidə olunur. Kamboca və Tayland arasındakı sülhün əldə olunmasını bu aspektdən də oxumaq olar. Hələ üzərinə Venesuelanı da gəlsək, tablo tam aydınlaşır".
Aytəkin TOFİQQIZI