
Xorvatiyalı mütəxəssis İqor Tudor İtaliyanın “Yuventus” klubunun baş məşqçisi vəzifəsindən uzaqlaşdırılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə klub rəsmi saytında məlumat yayıb.
Məlumata görə, klub rəhbərliyi bazar ertəsi səhər Tudoru istefaya göndərmək qərarına gəlib. Tudorla yanaşı, onun bütün məşqçilər korpusu da komandadan uzaqlaşdırılıb.
Müvəqqəti baş məşqçi vəzifəsini Massimo Brambilla icra edəcək.
Qeyd edək ki, oktyabrın 26-da İtaliya çempionatının səkkizinci turunda “Yuventus” “Latsio”ya 0:1 hesabı ilə uduzub. Bununla da, “Yuventus”un bütün yarışlardakı qələbəsiz seriyası 8 matça çatıb. Hazırda komanda İtaliya çempionatında səkkizinci yerdədir.
Xatırladaq ki, 47 yaşlı Tudor 2025-ci ilin martında “Yuventus”un baş məşqçisi vəzifəsinə keçib. 2024-cü ilin martından iyun ayına kimi o, İtaliyanın “Latsio” klubuna rəhbərlik edib. Xorvatiyalı İtaliyada “Udineze” və “Verona”nın da baş məşqçisi olub. Tudor həmçinin, Türkiyənin “Karabükspor” və “Qalatasaray”, Xorvatiyanın “Hayduk Split” və Fransanın “Marsel” klublarına da rəhbərlik edib.