ain.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycanın Ermənistana tranzit məhdudiyyətlərini aradan qaldırması regionun siyasi və iqtisadi reallıqlarını dəyişə biləcək tarixi qərar kimi dəyərləndirilir. Lakin bu addımın regionda təhlükəsizlik və sabitlik baxımından hansı nəticələrə səbəb olacağı hələ də müzakirə mövzusudur.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Züriyyə Qarayeva bildirib ki, qərar regionun gələcək siyasi və iqtisadi dinamikasına birbaşa təsir edəcək:

“Azərbaycanın Ermənistana tranzit məhdudiyyətlərini aradan qaldırması ilk baxışda sülh prosesinə dəstək kimi görünür, lakin həm də yeni təhlükəsizlik balansını formalaşdırır. Söhbət təkcə yüklərin daşınmasından deyil, strateji əhəmiyyətli kommunikasiya marşrutlarının açılmasından gedir.”
Ekspertin sözlərinə görə, marşrutun fəaliyyətə başlaması regionda nəqliyyat və logistika əlaqələrinin yenidən qurulması ilə yanaşı, yeni təhlükəsizlik çağırışlarını da gündəmə gətirəcək:
“Ermənistan ərazisindən keçəcək yüklərin təhlükəsizliyinin təminatı məsələsi hələ də aydın deyil. Qarşılıqlı etimad mexanizmləri formalaşmasa, istənilən təxribat və inzibati maneə regional etimad mühitinə zərbə vura bilər.”
Züriyyə Qarayeva hesab edir ki, qərar sülhə doğru atılmış mühüm addımdır, lakin onun real nəticə verməsi üçün qarşılıqlı inam və hüquqi razılaşmalar vacibdir:
“Bu qərar regional əməkdaşlığa yeni nəfəs verir, amma təhlükəsizlik baxımından zərif balans tələb edir. Azərbaycan sülhün yol xəritəsini praktik müstəviyə çıxarmağa çalışır, lakin prosesin uğuru Ermənistanın niyyətindən və beynəlxalq tərəfdaşların obyektiv mövqeyindən asılı olacaq.”
Məsələyə münasibət bildirən siyasi şərhçi Əziz Əlibəyli isə qeyd edib ki, hazırkı mərhələdə risklər birbaşa prosesdən yox, daha çox Rusiya–Ermənistan münasibətlərindən qaynaqlana bilər:
“Potensial risklərin yaranması ilə bağlı deyil, amma Ermənistan–Rusiya xəttinə görə belə təhlükələr mümkündür. Qarşıdakı 2026-cı il seçkiləri ərəfəsində Rusiya Ermənistanla hesablaşma mərhələsinə keçə bilər. Moskva bu prosesi Ermənistan əleyhinə yönləndirmək üçün fürsət kimi istifadə edər.”
Ekspertin fikrincə, bu baxımdan regionda təhlükəsizlik balansı hələlik kövrək olaraq qalır və prosesin istiqaməti siyasi münasibətlərin inkişafından asılı olacaq.
Müşviq Tofiqoğlu
KONKRET.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.