AZ

Trampdan yeni nüvə raketini sınaqdan keçirən Putinə xəbərdarlıq - oyun oynamırıq…


ABŞ Prezidenti Donald Tramp Rusiyanın nüvə enerjisi ilə işləyən "Burevestnik" kruiz raketinin sınaqları ilə bağlı açıqlama verib.

İki ölkə arasındakı strateji rəqabətin ciddiliyinə diqqət çəkən Tramp, Putinin açıqlamasını "əsassız" adlandırıb: "Rusiya bizimlə oyun oynamır, biz də onlarla oyun oynamırıq... O (Putin) müharibənin bitməsinə diqqət yetirməlidir. Bir həftəyə bitəcəyi deyilən müharibə dördüncü ilinə qədəm qoyub. Putin yeni raketlərlə deyil, sülhlə maraqlanmalıdır".

Putinə xəbərdarlıq edən Tramp bildirib ki, dünyanın ən güclü nüvə sualtı qayığı onların sahillərindədir: “Onun 8000 mil məsafə qət etməsinə ehtiyac yoxdur".

ABŞ Prezidenti Vaşinqtonun nüvə imkanlarının dünyada ən güclü olduğunu vurğulayıb və Rusiyaya qarşı davamlı çəkindirmə siyasətini qoruduqlarını bildirib.

Bir neçə gün əvvəl Putin "Burevestnik" raketinin sınaqlarının tamamlandığını və bu silahın dünyada analoqu olmadığını bildirib. Baş Qərargah rəisi Valeri Gerasimovun sözlərinə görə, raket oktyabrın 21-də keçirilən sınaq zamanı təxminən 15 saat havada qalıb və 14 min kilometr məsafə qət edib. Kremlin məlumatına görə, sınaq nəticələri və texniki məlumatlar birbaşa ABŞ administrasiyasına çatdırılıb.

“Reuters”in məlumatına görə, Tramp onu da bildirib ki, dondurulmuş Rusiya aktivlərinin potensial istifadəsi ABŞ-ın deyil, Aİ-nin məsələsidir. Vaşinqtonun Moskvaya qarşı yeni sanksiyaları barədə suala isə ABŞ prezidenti "Bunu öyrənəcəksiniz" cavabını verib.

TAHİR

Seçilən
67
baki-xeber.com

1Mənbələr