AZ

Tramp-Putin gərginliyi “Zəngəzur dəhlizində” partlaya bilər...


Elşən Manafov: “Moskvanın "yumşaq gücü" vasitəsilə təzyiqi gücləndirəcəyini istisna etmək olmaz”

Məlum olduğu kimi, ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putinin Budapeştdə nəzərdə tutulan görüşü baş tutmadı. Bununla yanaşı, ABŞ Rusiyanın iki böyük neft şirkətinə qarşı sanksiya qərarı qəbul edib.

Tramp Rusiya lideri Vladimir Putinlə görüşün yalnız Rusiya-Ukrayna münaqişəsinin həlli üçün sülh razılaşması perspektivlərinə əmin olduğu zaman baş tutacağını bildirib. Tramp Rusiya-Ukrayna münaqişəsində sülh prosesinin gedişatından məyus olduğunu vurğulayıb.

Maraqlıdır, bütün bunların fonunda, yəni Tramp Putinlə ayrılaından sonra Putin Qafqazda siyasətini, xüsusilə Zəngəzur dəhlizinə münasibətini fəallaşdıra bilərmi? Əsasən də Nikol Paşinyana təzyiqi artıra bilərmi?

“Tramp anlayır ki, müharibə uzandıqca Rusiyanın məlum regionlara ABŞ-ın müdaxiləsinin qarşısını almaq üçun imkanları daralır”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Elşən Manafov bütün bunlara bir neçə prizmadan yanaşdı: “Vaşinqton razılaşmaları, bununla bağlı Tramp layihəsi və ya yolu Cənubi Qafqazın geosiyasi arxitekturasının dəyişilə biləcəyi ilə əlaqədar ehtimallar doğurub. Bunun mahiyyətinə rəsmi Moskva da varır. ABŞ-ın Zəngəzur dəhlizi ətrafında danışıqlarda sərgilədiyi mövqe ilk növbədə Cənubi Qafqaz və perspektivdə Mərkəzi Asiya regionları uğrunda gedən geosiyasi mübarizədə Moskva və Pekini üstələmək, regionlara çıxış imkanlarını təmin edən dəhlizlər üzərində nəzarətini təmin etmək istəklərindən irəli gəlir. Bunu Respublikaçılar Partiyasından Montana ştatını təmsil edən senator Stiv Deynsin bir neçə gün əvvəl verdiyi açıqlama da təsdiq edir. Cənubi Qafqaz və Mərkəzi Asiyaya ABŞ-ın qoyduğu investisiyalar və onların gələcəyi ilə bağlı sualları cavablandırarkən senator Deyns "məqsəd regionun sərvətləri, habelə loqistika imkanları üzərində nəzarəti təmin etmək, ABŞ-ı bu layihədən kənarda qoymaq istəyən Moskva və Pekinə mane olmaqdır” deyib. ABŞ-ın Cənubi Qafqaz və Mərkəzi Asiya institutunun əməkdaşı Ston Stvar da eyni fikri inkişaf etdirərək, "Azərbaycan, Ermənistan və Gürcüstanın Qara dənizə çıxış imkanlarının olması məlum regionda Moskva ilə geosiyasi qarşıdurmada ABŞ-ın xeyrinə olan tutarlı silahdır" deyir və bu məsələnin müsbət həllini dəhlizlərlə əlaqələndirir. Bu deyilənlərin fonunda, ABŞ prezidenti Trampın Ukrayna-Rusiya danışıqları və sülhün əldə edilməsinin çətinliyi ilə bağlı məsələlərdə məsuliyyəti tərəflərin üzərinə qoymaq cəhdləri Vaşinqtonun məlum regionlarla maraqları baxımından anlaşılandır. Bu, Trampın səmimiliyinə şübhə ilə yanaşmağa əsas verir. ABŞ-ı sülhün tərəfdarı olduğu, lakin Avropa Birliyi və Ukraynanın sülhlə bağlı məsələlərə fərqli maraqlar müstəvisindən yanaşdıqlarını, Rusiyanın isə öz şərtlərindən geriyə addım atmaq istəməməsi illüziyasını yaratmaqla, əslində müharibənin uzanmasına xidmət edir. Tramp anlayır ki, müharibə uzandıqca Rusiyanın məlum regionlara ABŞ-ın müdaxiləsinin qarşısını almaq üçuü imkanları daralır. Bununla bağlı Rusiyanın Ukrayna ilə müharibənin getdiyi şəraitdə dəhlizlərlə bağlı əldə edilmiş razılıqların realizə edilməsinə qarşı təzyiq siyasətini gücləndirəcəyini düşünmürük. Lakin Rusiya məlum regionlarla həmsərhəd olan, deməli coğrafi anlamda ABŞ-la müqayisəyə gəlməyəcək dərəcədə yaxın olan dövlətdir. Bu isə ona əlavə üstünlüklər yaradır. Bundan əlavə, Rusiyanın məlum regionların siyasi elitaları ilə oturuşmuş əlaqələri var. Nəhayət, zamanı gəldikdə Moskvanın "yumşaq gücü" vasitəsilə təzyiqi gücləndirəcəyini də istisna etmək olmaz”.

Vidadi ORDAHALLI

Seçilən
16
baki-xeber.com

1Mənbələr