Elşən Qafarov: “...Məktəb direktoru vəzifəsinə vakant yerləri gizlədirlər”
Respublikanın müxtəlif yerlərində, o cümlədən də Bakıda fəaliyyət göstərən bəzi orta ümumtəhsil məktəblərində direktor olmadığı məlumdur.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) "İmtahan və Qiymətləndirmə şöbəsinin müdiri Nurlan İsmayılbəyli mətbuata bildirib ki, 600-ə yaxın məktəbin direktoru yoxdur, aylardır ki, vakant yerlər boş qalıb.
N.İsmayılbəyli qeyd edib ki, məktəblərə direktorların işə qəbulu prosesinə oktyabrın 30-u saat 11:00-da start veriləcək. O bildirib ki, namizədlər noyabrın 11-i saat 17:00-dək qeydiyyatdan keçə bilərlər.
N.İsmayılbəylinin sözlərinə görə, Elm və Təhsil Nazirliyi tərəfindən yeni qaydalar təsis olunub. “Artıq test imtahanı mərhələsi keçirilməyəcək. Namizədlərin əvvəlki qiymətləndirmə nəticələri, xüsusilə sertifikatlaşdırılma prosesində toplanılan nəticələr nəzərə alınacaq”.
Qurum rəsmisi deyib ki, vakant yerlər 2 istiqamətdə olacaq - şagird sayı 500-ə qədər olan məktəblər və şagird sayı 500-dən çox olan məktəblər.
Bu istiqamətlərdə qaydaları tez-tez dəyişdirməyin səbəbi nədir? Əvvəlki qaydaya görə, direktorlar seçilərkən sertifikasiyadan keçiblər. İndi həmin direktorlar soruşmazlar ki, bizim günahımız nədir? Niyə bizimlə bağlı ayrı cür yanaşma oldu, yenilərlə əlaqədar başqa yanaşma sərgilənir? Kənardan baxanda belə rəy yaranır ki, sanki məktəblər təcrübə laboratoriyasıdır. Məktəb direktorları üzərində niyə fərqli ssenarilər “yazılır”? Bunu birdəfəlik niyə müəyyən etmirlər və hər dəfə yeni bir qayda ortaya atılır? Bir neçə il seçim bir qayda ilə, bir neçə il fərqli qaydada aparılır. Belə yanaşmaq olmaz. Təhsil belə “inqilabçı” dəyişiklikləri sevmir.
Cəmiyyətdə də suallar yaranır ki, bu 600 qədər məktəbin hələ də niyə direktoru yoxdur, o yerlər niyə boşdur? Dərslər iki aya yaxındır ki, başlayıb, amma 600-ə qədər məktəbin direktoru yoxdur. Cəmiyyətdə, valideynlərdə suallar yaranır ki, ya ora kimsə direktor getmək istəmir, ya da Elm və Təhsil Nazirliyindəki rəhbər şəxslər arasında direktor təyinatı uğrunda mübarizə gedir, o deyir mənim adamımı qoyaq, o biri “mənim adamım olmalıdır” deyir. Cəmiyyət buna başqa cür izah verə bilmir.
“Qaydalar dəyişib, seçim müsahibə yolu ilə olacaq, əslində müsahibə də subyektiv mahiyyət daşıyır”
Təhsil eksperti Elşən Qafarov “Bakı-Xəbər”ə bildirdi ki, hazırda 600 məktəb direktoru yeri vakant sayılsa da, təqribən 250 vakant yer də gizlədilir: “Əslində, Elm və Təhsil Nazirliyi və MÜTDA məktəb direktoru vəzifəsinə vakant yerləri gizlədirlər. Ölkədə təqribən 850 məktəb direktoru vəzifəsi vakantdır. Elə məktəblər var ki, illərlə həvalə yolu ilə, yaxud əvəzçiliklə direktor vəzifəsi icra olunur. Hazırda 600 məktəb direktoru yeri vakant sayılır, təqribən 250 vakant yer də gizlədilir. Gizlədilən vakant yerlərin də tam əksəriyyəti Bakı və digər mərkəzi şəhər üzrədir. Sual olunur ki, vakant yerləri niyə gizlədilir? Ölkədə 4400-ə yaxın məktəb var. Çünki bu il bağlanan məktəblərin siyahısı tam deyil. Yəni keçən tədris ilində 4452 məktəb var idi. Nəzərə alsaq ki, 850 yer vakantdır, bu o deməkdir ki, hər beş-altı məktəbin birində direktor vəzifəsi vakantdır. Eyni hal direktor müavinlərinə də aiddir. Ölkədə təqribən 18-19 minə yaxın direktor müavini vəzifəsinin hər 54 nəfərindən biri əvəzçiliklədir. Elə böyük məktəblər var ki, bir neçə müavindən yalnız biri var, o biriləri yoxdur. Bu o demək deyil ki, işləmək istəyən yoxdur. İldə bir neçə dəfə direktor və direktor müavini vəzifəsi üzrə imtahanlar keçirilir. Amma nədənsə, yekunda direktorlar, yaxud müavinlər təyinat almırlar. Nəticədə yenə də əvəzçiliklə olan şəxslər onları əvəz edir. 2024 və 2025-ci ildə keçirilən direktorların işə qəbulu müsabiqəsinin nəticələrini hələ də gözləyənlər var. Yəni SMS gəlir ki, siz təyinat alacaqsınız, amma təyinat alacağını 6 aydan, bir ildən çoxdur gözləyənlər var. Qaydalar dəyişib, seçim müsahibə yolu ilə olacaq, əslində müsahibə də subyektiv mahiyyət daşıyır. Yəni müsahibə komissiyasının kriteriyaları nədir, hansı suallar veriləcək və bunun qiymətləndirilməsi necə olacaq? Ortada bunlar da yoxdur. “Biz filan istiqamətlərdə suallar verəcəyik” deməklə deyil. Maraqlısı budur, necə ola bilir ki, taksi sürücülərinin imtahanları belə Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirildiyi halda, bu imtahanı İmtahan və Qiymətləndirmə Mərkəzi keçirir. Təklif edirik ki, Elm və Təhsil Nazirliyinin sistemində olan bütün imtahlar - müəllimlərin, direktorların, müavinlərin işə qəbulu və sairlə bağlı imtahanlar da Dİm tərəfindən keçirilsin. O cümlədən məktəbəqədər təhsil, gimnaziya və liseylərə qəbul da bu şəkildə olsun. Bu, DİM tərəfindən həyata keçirilməlidir.
Məsələnin mahiyyəti belədir: Elm və Təhsil Nazirliyi və MÜTDA-nın işi yalnız imtahan keçirməkdən ibarətdir. Ölkənin təhsil sistemi, təhsil siyasəti bir yanda qalıb, onlar imtahan keçirirlər”.
E.Qafarovun sözlərinə görə, vakant yerlərin qalması o deməkdir ki, təhsil müəssisəsi ya idarə olunmur, ya da ki, əvəzləyici şəxslər müvəqqəti olduqlarını bilirlər, ona görə də vəzifələrini tam şəkildə yerinə yetirmirlər. E.Qafarov qeyd etdi ki, təyin olunan şəxslərlə də yalnız bir il müddətinə müqavilə bağlanılır. “Baş verənləri analiz etsək görərik ki, Emin Əmirullayev konkret olaraq ölkə təhsilini sanki bilə-bilə çökdürür. Təsəvvür edin, idarəedici şəxslər yoxdur, yaxud həvalə ilə, əvəzçiliklə işləyirlər, onlar da konkret olaraq vəzifə məsuliyyəti hiss etmirlər, yaxud fikirləşirlər ki, hər an dəyişilə bilərlər. Dəyişirlər. Nəticə etibarı ilə ölkənin təhsil müəssisələrində, tərbiyə sistemində tərbiyə mühiti tamamilə dağıdılır. Çox təəssüflər olsun ki, bütün bu prosesə elm və təhsil naziri şəxsən özü rəhbərlik edir. Yəni bütün imtahanlar nazirin nəzarəti altındadır. Dediyim kimi, nazirliyin və onun struktur bölmələrinin fəaliyyəti yalnız imtahan keçirməkdən ibarətdir. Yeni imtahan da əvvəlki imtahanlardan fərqli olmayacaq. Deyək ki, 600 yer üçün orta hesabla 3 minə yaxın namizəd sənəd verib. İndi şərt qoyurlar ki, sənəd verənlərin sertifikasiya balı nəzərə alınmalıdır. Əvvəla, biz sertifikasiyanı lazım olan səviyyədə keçirə bilirikmi? Sertifikasiyadan yüksək bal toplayanların əksəriyyəti repititor müəllimlərdir. Onların da müəyyən bir dolanışığı var. Bu müəllimlərin əksəriyyətinin öz gəlirini qoyub gəlib 1 illik müqavilə ilə direktor işləməsi də bir qədər absurddur. Məsələnin başqa bir tərəfi də odur ki, sertifikasiyadan yüksək bal toplamaq hələ yüksək bacarığı olmaq demək deyil. Direktorların işə qəbulu ilə bağlı məsələ artıq kifayət qədər fərdiləşdirilib. İnsanların Elm və Təhsil Nazirliyinin keçirdiyi imtahanların şəffalığına inamları tamamilə itib. May ayında Təhsil İnstitutu tərəfindən lisey və gimnaziyalara imtahan keçirildi. Daha sonra elan etdilər ki, suallar sızıb, 350 nəfəri çağırıb yenidən imtahana cəlb etdilər, 50 nəfəri keçirib, 300 nəfəri kəsdilər. Nə deməkdir bu? Ona görə də, real vəziyyət budur ki, bu imtahanlarda özbaşınalıqlar var. Bu özbaşınalıqların qarşısını almaq üçün imtahanların keçirilməsi DİM-ə həvalə edilməlidir ki, birdəfəlik bu kimi hallara son qoyulsun”-deyə E.Qafarov bildirdi.
Leyla QARAXANLI