Ukrayna Silahlı Qüvvələrinin oktyabrın 24-də Belqorod su anbarını raketlə vurduqdan sonra bənddə sızmalar başlayıb və suyun səviyyəsi aşağı düşüb. Son məlumatlara görə, Şebekinski rayonunun Qrafovka kəndində və Severski Donets çayının aşağısında yerləşən Rusiya hərbi mövqeləri sular altında qalıb.
Belqorod qubernatoru Vyaçeslav Qladkovun açıqlamalarına görə, daşqınlara meylli ərazilərdə yaşayan sakinlərin Belqoroddakı müvəqqəti sığınacaqlara təxliyəsi təklif olunub. Dörd yaşayış məntəqəsində aparılan yoxlamalardan sonra 16 nəfər müvəqqəti sığınacaqlara yerləşdirilib, qalan sakinlər isə qohumlarına köçürülüb. Bölgədə təhlükəsizlik tədbirləri artırılıb.
Qubernator Qladkov xəbərdarlıq edib ki, Ukrayna bəndə yenidən hücum edərsə, Xarkov vilayəti çay yatağının daşması risqi ilə üzləşə bilər. Bildirilib ki, bu, yüzlərlə insanın yaşadığı daha bir neçə yaşayış məntəqəsini su altında qoya bilər. Yerli hakimiyyət orqanları əlavə tədbirlər görməyə başlayıb. Bölgədə əlavə modul sığınacaqlar quraşdırılır. Əvvəlcə həftənin sonuna qədər səkkiz sığınacağın, daha sonra isə ən riskli ərazilərdə 15 əlavə sığınacağın quraşdırılması planlaşdırılır.
Hərbi ekspertlər hesab edirlər ki, Ukraynanın bu addımı daşqın yolu ilə Rusiyanın sərhəd bölgələrində təchizat xətlərini və yolları kəsmək məqsədi daşıyır.
TAHİR