ain.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu il Azərbaycanda bir çox bölgələrdə, xüsusilə Salyan, Sabirabad, Şəki–Zaqatala və Neftçalada fermerlər soğanın maya dəyərindən aşağı qiymətə satılmasından narazılıq edirlər. Bəs qiymətlərin bu qədər enməsinin arxasında hansı iqtisadi amillər dayanır və yaxın aylarda bazarda artım gözlənilirmi?
Məsələ ilə bağlı KONKRET.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, bu il soğanın ucuzlaşmasının həm daxili, həm də xarici səbəbləri var.
.jpg)
Onun sözlərinə görə, 2025-ci ildə ölkədə soğan əkini əvvəlki illə müqayisədə 30–40 faiz artıb. Keçən il yüksək qazanc əldə edən fermerlər bu il daha çox sahədə soğan əkiblər və nəticədə bazarda təklifin artması qiymətləri aşağı salıb.
“Azərbaycanın əsas ixrac bazarları Rusiya, Gürcüstan və Qazaxıstan idi. Bu il Rusiya öz bazarını yerli məhsulla təmin etdiyi, Qazaxıstan isə idxal rüsumlarını artırdığı üçün ixrac azalıb.
Nəticədə ixrac yönümlü məhsul daxili bazarda qalıb və bu da qiymətə ciddi təzyiq yaradıb,” – deyə Nəsirli vurğulayıb.
Ekspert əlavə edib ki, soğanın saxlanması üçün soyuducu anbarların və logistika imkanlarının məhdudluğu da qiymətlərin aşağı düşməsində mühüm rol oynayıb. Fermerlər məhsulu uzun müddət saxlaya bilmədikləri üçün tez satmağa məcbur qalırlar, bu da bazarda qısa müddətli təklif artışına səbəb olur.
Onun sözlərinə görə, İran və Türkiyədən daxil olan ucuz məhsul da yerli bazarda qiymətləri aşağı çəkib. Eyni zamanda, gübrə, yanacaq, suvarma və işçi qüvvəsi kimi istehsal xərclərinin artması, lakin satış qiymətlərinin bu artımı kompensasiya etməməsi fermerləri zərərlə satışa vadar edib.
Akif Nəsirli qiymət dinamikası ilə bağlı proqnozunu da açıqlayıb:
Qısamüddətli dövrdə (noyabr–yanvar) bazarda hələ də keçmiş mövsümün məhsulu olduğu üçün ciddi qiymət artımı gözlənilmir.
Yanvar ayından etibarən soyuq hava və təklifin azalması fonunda 10–20 faiz civarında artım mümkündür.
Ortamüddətli perspektivdə (fevral–aprel 2026) isə fermerlərin əkini azaltması nəticəsində bazarda təklif azalacaq və qiymətlər stabil şəkildə yüksələcək.
Ekspertin fikrincə, Rusiya və Mərkəzi Asiya bazarlarına ixracın bərpası da qiymət artımını daha da sürətləndirə bilər.
Aynurə İsmayıl
KONKRET.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.